İcra başçısı hansı şəraitdə həbs olunub?
Azərbaycanda daha bir icra başçısı qandallanıb. Bu dəfə Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanıblar. Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hüquq-mühafizə orqanları tərəfindən Bakıya gətirilib. Xəbərdə qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 26 apreldə saat 09:30 radələrindən etibarən Şəmkir rayon İH-də olub. Bu müddət ərzində araşdırma aparılıb.
Bəzi idarə və müəssisə rəhbərləri sorğuya cəlb olunub. Axtarışlar həmçinin Alimpaşa Məmmədovun yaşadığı evdə də aparılıb. Daha sonra icra başçısı və digər şübhəli şəxslər paytaxta gətiriliblər.
Qeyd edək ki, Alimpaşa Məmmədov adı qalmaqallarda keçən icra başçılarından biri idi. Onun Şəmkirdə xüsusən sahibkarlara “qan uddurduğu”na dair iddialar vardı.
A.Məmmədov keçmiş vergilər naziri Fazil Məmmədovun adamı kimi tanınırdı.
Onun icra başçısı postuna F.Məmmədovla yaxınlığı sayəsində gəlib çıxdığı söylənilirdi.
Nəzərə çatdıraq ki, Alimpaşa Adil oğlu Məmmədov 2014-cü ilədək vergi sistemində yüksək vəzifələrdə çalışıb. O, bir sıra rayonlarda vergi idarəsinin, daha sonra 2 saylı Ərazi Vergilər İdarəsinin (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəisi vəzifəsində çalışıb. Ardınca isə Fazil Məmmədov onu sadiq və qeyri-rəsmi pultoplama işlərində bacarıqlı kadrı kimi Vergilər Nazirliyi Bakı şəhər Vergilər departamentinin rəisi vəzifəsinə yüksəltmişdi. Vergi sistemində çalışarkən onun adı “sahibkarlara divan tutanlar” sırasında hallanırdı.
Nəhayət, A.Məmmədov 2014-cü ildə Fazil Məmmədovun dəstəyi ilə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gedib çıxdı. Sirr deyil ki, həmin dönəmlərdə icra başçısı təyinatında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev söz sahibi idi.
Alimpaşa Məmmədov F.Məmmədov nazir vəzifəsindən azad ediləndən sonra da müxtəlif manevrlərlə icra başçısı postunu qoruyub saxlaya bilirdi. Onun qandallanan icra başçılarının aqibətindən dərs almadığı da indi ortaya çıxan faktdır. Nəticə isə göz önündədir: A.Məmmədov da həbsxanaya getdi.
İlkin və qeyri-rəsmi məlumatlarda onun vəzifədən sui-istifadə etməkdə, sahibkarlardan rüşvət almaqda və digər vəzifə cinayətlərində suçlandığı bildirilir. /musavat.com
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26