Interposta.Info

“NUR Art House”da Zəfər Xarıbülbülləri - Şəhid balaları üçün “Sevimli oyuncağım” adlı Ustad dərsi keçirilib (FOTO)

Ölkə
 22-01-2023, 22:35     550


Yanvarın 20-də “NUR Art House” qalereyasında Ümumxalq Hüzn Günü Şəhid balalarının maarifləndirilməsi, onların istedadlarının aşkarlanması və incəsənətlə ünsiyyət vasitəsilə art-terapiyası məqsədilə “Sevimli oyuncağım” adlı Ustad dərsi təşkil olunub. “NUR Art House” xalça qalereyası və “Zəfər yolu” Müharibə İştirakçıları və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin dəstəyi ilə baş tutan Ustad dərsini “Handmade by Sev” brendinin təsisçisi, peşəkar pedaqoq, təcrübəli art terapiya mütəxəssisi, bir çox sərgilərdə uğurla iştirak etmiş Sevinc Əliyeva həyata keçirib.
Zəfər Xarıbülbülləri – Şəhid balaları – Şuşa fatehi Fərid Əliyevin övladları Fəridə və Murad, və bacısı oğlu İmanqulu Ramazanov, Laçın uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış igid hərbçi Araz Cəfərovun yadigarları Lalə və Anar, qəhrəman tankçı, Laçında şəhidlik zirvəsinə ucalmış Mahmud Əhmədovun böyük qızı Nur alçıdan hazırlanmış müxtəlif fiqurları boyayaraq sevimli oyuncaqlarını hazırlayıblar.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevanın rəhbərliyi altında baş tutmuş Ustad dərsi zamanı “Zəfər yolu” Müharibə İştirakçıları və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin sədri Pərvanə Abdullayeva, İB-nin üzvləri Rübabə Vəliyeva, Esmira İbadova, Hacıbala Əhmədov, Güləli Fərzəliyev, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvləri Gülşən Hüseynova, Rasimə Əhmədova, Lalə Mustafayeva uşaqlarla və onların anaları Elnarə Əliyeva, Nərgiz Ramazanova, Zəhra Əhmədova və Mahirə Cəfərova ilə maraqlı söhbətlər aparıblar.
Yaradıcı ab-hava şəraitində keçən Ustad dərsi zamanı Sevinc Əliyeva uşaqlara rənglər haqqında məlumat verib, müxtəlif boyalarla işləmə texnikasını öyrədib. Onlarla birlikdə fiqurlar üzərində böyük həvəslə və xüsusi məhəbbətlə işləyib. Artıq özünə gələcək tələbələrini də seçib. Uşaqlar fiqurları boyamaqla yanaşı şeirlər söyləyiblər, seçdikləri rənglər haqqında təəssüratlarını, onların təbiətdə daha çox harda rast gəldiklərindən danışıblar. Vətənpərvərlik ruhunda söylənən, Şəhidlərimizin əziz xatirəsinə həsr olunan şeirlər, balaca incilərimizin daxili aləmindən xəbər verib.
İşlərini yekunlaşdıran Zəfər Xarıbülbülləri professor Röya Tağıyevanın şəxsi kolleksiyası əsasında yaradılmış “NUR Art House” qalereyasının ekspozisiyası tanış olublar. Xalçanın necə yaranması, toxuculuq prosesi onların böyük marağına səbəb olub. Lalə və Nur xalçaçı Aida xanımdan ilmə atmağı öyrənir, Anar, Murad və İmanqulu isə müxtəlif xalça məmulatları barədə suallar verir, 2 yaş yarımlıq Fəridə bala rənglərin sehrli aləminə düşərək, naxışlara baxıb gülümsəyir, sanki onlarla içində danışırdı.
Uşaqlar Ustad dərsinin sonunda uşaqlar boyadıqları alçı fiqurlarını və memar Rəfiyə Yarəfranın onlar üçün hazırladığı hədiyyələri özləri ilə “Ustad dərsi”ndən xatirə olaraq apardılar. Anar Cəfərov isə boyadığı fiqurlardan ikisini – “Medalyon” və “Kəpənək” fiqurlarını “NUR Art House”-a hədiyyə etdi.
Ustad dərsinin keçirilməsində əsas məqsəd müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş, Vətən sözünü, Azərbaycan adını hər şeydən uca tutan, qürurumuz olan Şəhidlərimizin övladlarını milli mənəvi dəyərlərimizlə tanış edib, onlarda ruh yüksəkliyi yaratmaq və valideynlərinə layiq övlad kimi tərbiyələrinə töhfə verməkdir.

İnterPosta.info



















Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26