Interposta.Info

Beyləqanda bir ailənin dörd üzvünün qətli: Detallar ÜZƏ ÇIXDI + YENİLƏNİB/VİDEO

Ölkə / Manşet
 3-12-2022, 10:36     776

Ötən gecə saat 22 radələrində Beyləqan rayonu Tatalılar kəndində bir ailədən 4 nəfərin - ata, ana və 2 oğulun ov tüfəngi ilə öldürülməsi hadisəsinin yeni detalları üzə çıxıb.

“Qafqazinfo”nun məlumatına görə, insidenti törədən 27 yaşlı Fuad Cəlilzadənin atası 2009-cu ildə həbs edilibmiş. Belə ki, həmin vaxt Fuadın atası münaqişə zəminində qonşuluqda yaşayan 1966-cı il təvəllüdlü Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi dava-dalaşlar baş verib.

Xatırladaq ki, ötən gecə F.Cəlilzadə qonşusu 1971-ci il təvəllüdlü Tərgül Quliyeva, həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyev və oğulları: 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

01:02

Bəyləqanda bir ailənin dörd üzvünün qətlə yetirilməsi ilə bağlı daha bir məqam məlum olub.

APA-nın məlumatına görə, tərəflər arasında sonuncu mübahisə yol verməmək üstündə olub.

Belə ki, qətlə yetirilən ailə üzvləri hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin yaşadığı evə gedən yolu naqillə kəsərək onun evinə gedən istiqaməti bağlayıblar.

Bu səbəbdən hadisədən bir gün əvvəl də onlar arasında dava olub.


00:30

Beyləqanda törədilən dəhşətli cinayətin təfərrüatı məlum olub.

Lent.az-ın məlumatına görə, hadisəni törədən Fuad Cəlilzadənin ailəsi ilə qətlə yetirilən ailə arasında düşmənçilik olub.

Bir neçə il əvvəl Fuad Cəlilzadənin atası Loğman Cəlilzadə qətliama məruz qalan ailənin başçısı Nadir Quliyevi yol üstündə yaba ilə vurub. O, yabanı N.Quliyevin qarnına soxub. Həkimlərin səyi nəticəsində o zaman N.Quliyevi xilas etmək mümkün olub. L.Cəlilzadə isə həbs edilib.

Məlumata görə, L.Cəlilzadə həbsdən çıxandan sonra N.Quliyevin ailəsi ilə ədavəti davam etdirib. Nəticədə bu gün L.Cəlilzadənin oğlu Fuad Cəlilzadə ov tüfəngi ilə N.Quliyevin ailəsini güllələyib.

Hadisəni törədən F.Cəlilzadə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Qətlə yetirilən şəxslər aşağıdakılardır:

56 yaşı Nadir Quliyev

51 yaşlı Tərgül Quliyeva

26 yaşlı Amin Quluzadə

20 yaşlı Xəyal Quluzadə.

23:58

Beyləqanda bir ailənin dörd üzvü odlu silahla öldürülüb.

APA-nın məlumatına görə, qətlə yetirilənlər ata, ana və iki qardaş olub.

Hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə ailə üzvlərindən ikisini evdə, ikisini isə yol kənarında güllələyib.

23:49

Beyləqanda bir ailənin dörd üzvü öldürülüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin dörd üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26