Interposta.Info

Azərbaycan xalqının ac və dinc qulağı

Ölkə
 12-09-2022, 11:37     218

Bu gün Azərbaycan da yeni bir çağın başlanğıcındadır. İndi (xəyalımızda) nə əksək, gələcəkdə onu da biçəcəyik. Gələcək reallıqlarımız (bəlkə də, mövcudluğumuz) bu gün qurduğumuz xəyallara bağlı. Daron Acemoğlu və Ceyms Robertsonun "Millətlərin çöküşü” kitabı belə bir sualla başlayır: Nə üçün Sənaye inqilabı Türkmənsitanda deyil, İngiltərədə baş verdi? Müəlliflər bu sualın cavabını ekstraktiv və inkluziv iqtisadi maraqlara bağlayırlar. Hər iki iqtisadi marağın kökündə isə ingilislərin və türkmənlərin xəyal gücü yatır. Xəyal gücü böyük olanlar gələcəyin vizyonunu görə və yarada bilirlər. Məsələn, ingilislər hələ XVII əsrdə məmur biznesinə, bürokratların nəzarətində olan ekstraktiv iqtisadiyyata söykənən bazarın yaradıcı, təşəbbüskar olmayacağını başa düşdülər və bazarı kralın və onun yaxın ətrafının monopoliyasından xilas etmək üçün siyasi sistemi dəyişməyə qərar verdilər. Amma məsələn, ispanlar bunu etmədilər deyə XX əsrdə də feodal münasibətlərdə ilişib qaldılar.

İngilis demokratiyasının baniləri də nə İngiltərənin böyük zəka sahibi olan şəxsiyyətləri idi, nə də geniş xalq kütlələri. İngilis demokratiyasının xəyalını quranlar və gerçəkləşməsinə can atanlar mikro qazancdan makro qazanca can atan ingilis tacirləri idi. Asiyadan, Amerikadan Avropaya və geriyə mal daşıyan bu adamlar bazarı kralın və yaxın ətrafının monopoliyasından çıxarmaq üçün pul buraxıb 1683-cü ildə "Şanlı inqilab" təşkil etdilər və fransızlardan xeyli əvvəl kralın gözünü qorxudub siyasi manevrlərlə bazara şərik oldular. Beləliklə, Sənaye inqilabına gedən yolun önü Türkmənistanda, İspaniyada deyil, İngiltərədə açılmış oldu.

Bu gün neoliberal kapitalizmin tüğyan etdiyi dünyada varlılar daha da varlandıqca, yoxsullar daha da yoxsullaşır. Bu da sosial partlayışları qaçılmaz edir. Vaxtilə Avropa kapitalistləri bu partlayışların qarşısını demokratik seçki ilə aldılar. Aclara hakimiyyətdə təmsil olunmaq hüququnun verilməsini təmin etdilər. Yoxsullara daha böyük xəyallar qurmaq üçün daha geniş meydan verib bazara nəzarəti əllərində saxladılar. Bismark acların inqilabi pıçıltılarını eşidən kimi 1883-cü ildə tezbazar tibbi sığorta sistemini yaratdı və s.
Sosiologiyanın banisi Ogüst Komt cəmiyyətlərin inkişafını üç mərhələyə bölür: 1. Teoloji mərhələ, 2. Metafizik mərhələ, 3. Pozitivist mərhələ. Teoloji mərhələdə cəmiyyət allahumuduna yaşayır, sosial sistem hərbi və iyerarxik qaydalara tabedir. Metafizik mərhələdə cəmiyyət sosial bərabərlik axtarışındadır. Pozitivist mərhələdə isə cəmiyyət tanrını və təbiəti sosial güc faktı kimi rədd edir, dini və metafizik inancı elmi təcrübələrə olan inamla əvəzləyir.

Bir cəmiyyətin xəyalları da o cəmiyyətin bu mərhələlərin hansı birində yaşamasından asılıdır. Demək istəməzdim ki, bu gün Azərbaycan xalqı allahumuduna yaşayır və qurduğu xəyalların gerçəkləşməsi də allaha qalıb. Ancaq ölkədə tüğyan edən məmur biznesi və bürokratik monopolizm dərhal pessimist bir ovqat yaradır ki, hələ uzun müddət də Azərbaycanda ekstraktiv iqtisadiyyatı "çiçəkləndirən” məşhur deyimimiz "ac qulağım, dinc qulağım” fəlsəfəsi xəyal qurmağa can atan təşəbbüskar beyinlərimizin yolunda əngəl olacaq.

Xəyal qurmaq imkanını itirən fərd tez qocalır və həyatla vidalaşmaqdan başqa çıxış yolu qalmır. Xəyal qurmaq imkanı olmayan millət də belədir: qocalır və tarixlə vidalaşır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26