Interposta.Info

Bu il 700 bal toplayan yeganə abituriyent

Ölkə
 3-08-2022, 17:39     251

Ali məktəblərə qəbul imtahanlarında I və IV ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən abituriyentlərin adları açıqlanıb. Builki imtahanlarda cəmi bir məzun maksimum (700 bal) nəticə göstərib.

IV ixtisas qrupu üzrə qəbul imtahanında 400 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı hər iki mərhələnin ümumi nəticəsinə əsasən rekorda imza atıb.

Belə ki, Nigar Ağazadə cari tədris ilində 700 bal toplayan yeganə abituriyentdir.

Rekordçu gənc sevinc təəssüratlarını Modern.az-la bölüşüb. Nigar bildirib ki, ölkə üzrə birinci olmaq möhtəşəm və ifadə olunmayacaq qədər gözəl hissdir:

"İllərdir oxuyurdum, əziyyət çəkirdim, zəhmətimin nəticəsini gördüm. Birinci imtahanda 1 suala görə 3 bal itirib, maksimum nəticə əldə edə bilməmişdim. Buna görə çox pis olmuşdum. İkinci imtahana hazırlaşmaqda tərəddüd edirdim. Ailəm və müəllimlərim arasında imtahana get, ya getmə deyənlər də oldu. Sonradan peşman olmamaq üçün ikinci imtahana hazırlaşdım. Bunun üçün sevincimin həddi-hüdudu yoxdur”.

Nigarın ən böyük arzusu gələcəkdə həkim olmaqdır:

"İxtisas seçimində Azərbaycan Tibb Universitetini seçəcəyəm. Arzulara çatmaq, o yolda addımlamaq ifadə olunmayacaq qədər möhtəşəm hissdir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26