Interposta.Info

Şabrandakı güclü yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO

Ölkə / Manşet
 11-07-2022, 10:24     242

Şabran rayonu, Ağalıq kəndi yaxınlığında açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.

Bu barədə FHN məlumat yayıb.

Məlumata görə, yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 40 hektar sahədə biçilmiş əkin sahəsi və 15 hektar sahədə kol-kos və qurumuş ağaclar yanıb. Digər biçilmiş, habelə biçilməmiş əkin sahələri, sıx meşəlik ərazi, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.

Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları və yerli kənd sakinləri iştirak ediblər.

10.07.2021
23:41

Fövqəladə Hallar Nazirliyi (FHN) Şabranda əkin sahəsində baş verən yanğınla bağlı məlumata yaıb.

FHN-dən verilən məlumata görə, bu gün nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb edilib.

Havanın isti və küləkli olması səbəbindən yanğın qısa müddətdə genişlənərək yaxınlıqdakı meşəlik əraziyə keçib. Bununla belə, yanğınsöndürmə qüvvələrinin effektiv tətbiqi sayəsində hazırda yanğını bir neçə istiqamətdə nəzarətə götürmək mümkün olub ki, bununla da ərazidə yerləşən ictimai iaşə obyektləri və yaxınlıqdakı kənd üçün yaranmış təhlükə aradan qaldırılıb. Həmçinin, ətraf kəndlərin elektrik enerjisi ilə təchizatında hər hansı problem olmayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları iştirak edir.


23:30

"Şabran rayonunun Ağalıq kəndində mülki obyektlər yanğından tam mühafizə edilib".

"Report"un Şimal burosu xəbər verir ki, bunu FHN-nin Şimal Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin rəisi Ramin Vəlixanov bildirib.

O qeyd edib ki, Şabran rayonunda yanğın baş verən ərazidəki sakinlər təxliyə edilib və ərazidəki bütün mülki obyektlər yanğından mühafizə edilib. Vətəndaşların təhlükəsizliyi üçün yanğın baş verən ərazidə müvəqqəti postlar qurulub və giriş-çıxış məhdudlaşdırılıb.

Bildirilib ki, avtomobillərin gediş-gəlişi alternativ yollar vasitəsilə həyata keçirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

23:13

Şabranda havanın küləkli olması yanğının söndürülməsinə mane yaradır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şabran rayonu, Ağalıq kəndi ərazisində əkin sahəsində başlayan yanğın sonradan havanın küləkli olması səbəbindən meşə fondu torpağına keçib.

Hadisə yerində olan Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

"Təəssüf ki, külək yanğının qarşısını almağa mane olur, bütün əməkdaşlarımız, yerli sakinlər, yoldan keçən insanlar, hamı köməklik göstərir. Bir nəfərin fikirləşmədən əkin sahəsinə od vurması fəlakətə sabəb olub. Yanğının qarşısının alınması üçün birgə mübarizəmiz davam etdirilir".

20:39

Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Qeyd edək ki, Şabran rayonunun Ağalıq kəndində baş verən yanğın nəticəsində ətrafda yerləşən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

20:34

Şabran rayonunun Ağalıq kəndində baş verən yanğın nəticəsində ətrafda yerləşən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

“Report”un Şimal bürosu xəbər verir ki, kənd sakinləri yanğının ilkin olaraq ərazidən keçən yüksək gərginlikli elektrik xəttində baş verdiyini bildirib.

Qısa qapanma nəticəsində biçilən əkin sahəsi alışıb və güclü külək nəticəsində yanğının miqyası genişlənib.

Alovun qarşısını almaq getdikcə çətinləşir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissələrinin əməkdaşları yanğını söndürməyə çalışırlar.

20:03

Şabranda baş verən güclü yanğın nəticəsində magistral yol bağlanıb, bölgədəki bir sıra ictimai-iaşə obyektləri yanıb.

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Ağalıq kəndində baş verən yanğının miqyası getdikcə genişlənir.

Belə ki, avtomobillərin hərəkəti üçün ciddi təhlükə yarandığından Gəndob-Xaçmaz-Yalama avtomobil yolu bağlanıb. Həmçinin ətrafda yerləşən bir sıra ictimai iaşə obyektləri yanıb.

Meşə massivindən ətrafa yayılan yanğın yaxınlıqda olan kənd üçün təhlükə yaratmaqda davam edir.

18:55

Şabran rayonunda meşə massivi yanır.

“Report” xəbər verir ki, hadisə rayonun Ağalıq kəndində baş verib.

Beləki, kənd sakinləri biçilmiş taxıl sahələrinə od vurublar. Daha sonra yanğınin miqyası genişlənərək ətraf ərazilərdə yayılıb.

Meşə massivinə düşən yanğın yaxınlığda olan kənd üçün bir sıra təhlükə yaratmaqdadı.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin və ətraf rayonların avtomobili və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.








İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26