Interposta.Info

Həkimi şantaj edən jurnalistlə bağlı qərar verilib

Ölkə
 8-07-2022, 11:35     279

Həkimi şantaj edən “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahovun barəsində olan məhkəmə hökmündən verilən apellyasiya şikayətinə baxılıb.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, Namik Əmrahovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namik Əmrahov yeddi il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahovun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olub.

Müəyyən edilib ki, Namik Əmrahov Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim edib, onun barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.

2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə iki min manat məbləğində pul tələb edib, tələb etdiyi məbləğin bir qismini alıb.

İstintaq orqanı tərəfindən Namik Əmrahovun barəsində Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26