Interposta.Info

100-ə yaxın yaşı olan məktəbin ürküdücü durumu: Hər an uça bilər (VİDEO)

Ölkə
 11-06-2022, 17:35     328

Bəlkə də bir məktəbin acınacaqlı vəziyyətdə olmasına baxmayaraq hələ də tədrisi davam etdirməsi sizə qəribə gələ bilər. Ancaq gördüyünüz az qala bir əsri geridə qoyan bu tikili Masallının Ərkivan qəsəbəsində uşaqların elm öyrəndiyi yerdir.

APA TV xəbər verir ki, Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəbin binası indiyədək heç vaxt əsaslı təmir olunmayıb, üstəlik inşasından bu vaxtadək 100 ilə yaxın vaxt keçdiyindən binanın durumu acınacaqlıdır. Əsas və əlavə iki korpusdan ibarət olan binada tavan əyilib, döşəmələr çürüyüb, divarlar isə çat verib.

Bu şəraitsiz sinif otaqlarında 230 şagird təhsil alır. Onların valideynləri haqlı olaraq hər an təhlükəli hadisənin baş verməsindən narahatdırlar.

Qəzalı və hər keçən gün daha da təhlükəli olan məktəblə bağlı ümumi vəziyyəti öyrəndikdən sonra üz tutduq Lənkəran-Astara Regional Təhsil İdarəsinə.

İdarədən bildirilib ki, Masallı rayon Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəbinin 2024-cü ilə kimi təmir olunması nəzərdə tutulub. Hələlik qəsəbə məktəbinin nə vaxt təmir olunacağı ilə bağlı dəqiq vaxt deyilməsə də, məsələ gündəmdədir. Belə görünür, müəllim və şagird heyəti, narahat valideynlər qəzalı vəziyyətdə olan məktəb binasının əsaslı təmirini bir müddət də gözləməli olacaq.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26