Interposta.Info

Büdcə dəyişir - nələr və niyə?

Ölkə
 7-06-2022, 22:54     189

Vüqar Bayramov: “İqtisadi aktivliyi sürətləndirməyə yönələn vəsaitlər artırılmalıdır”
Rəşad Həsənov: “Əlavə gəlirlər aztəminatlı qruplar və icbari tibbi sığorta xərclərinə yönəldilməlidir”
Azərbaycan hökuməti 2022-ci ilin dövlət büdcəsinə yenidən baxmağa (dürüstləşməyə) hazırlaşır. Bu barədə tapşırığı mayın 27-də Zəngilan rayonuna səfər zamanı Prezident İlham Əliyev verib. Daha sonra İqtisadi Şura Baş nazir Əli Əsədovun rəhbərliyi altında toplanaraq cari ilin ötən dövrü üzrə iqtisadi vəziyyət, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələləri müzakirə edib. Qərara alınıb ki, 2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün Prezidentə təqdim olunsun.

Prezident və hökumət büdcəyə dəyişikliyi əlavə gəlirlərin əldə olunması ilə əsaslandırır. Xatırladaq ki, 2022-ci ilin dövlət büdcəsində 26 milyard 816 milyon manat gəlir, 29 milyard 879 milyon manat xərc proqnozlaşdırılıb. Büdcə sənədinə əsasən Dövlət Neft Fondundan büdcəyə 12,7 milyard manat köçürmə, Dövlət Vergi Xidmətindən 8,8 milyard manat, Dövlət Gömrük Komitəsindən 4,2 milyard manat daxilolma nəzərdə tutulub, büdcədənkənar gəlirlər 760 milyon manat, digər daxilolmalar 260 milyon manat proqnozlaşdırılıb.

Dövlət büdcəsində bir barel neftin qiyməti 50 dollardan götürülüb. “AzeriLight” markalı Azərbaycan nefti yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48 dollarla başlayıb. Ukraynadakı müharibə səbəbilə ən azı 2022-ci ilin sonunadək neft qiymətlərinin 100 dollardan aşağı düşməsi gözlənilmir.

Neft-qaz bazarında qiymətlərin yüksək olması nəticəsində bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, ötən ilin yanvar-may ayları ilə müqayisədə 1 milyard 997,8 milyon dollar və yaxud 2,07 dəfə çox - 3 milyard 828 milyon dollar məbləğində gəlir əldə edib. Dövlət Neft Fondu 2022-ci il yanvar-may aylarında (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından isə 526,537 milyon dollar həcmində gəlir əldə edib. Bu, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 464,361 milyon dollar və ya 8,5 dəfə çoxdur. Bu ilin 5 ayı ərzində Fonda daxil olan vəsaitlərin daha144,522 milyon dolları kondensatın payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87,391 milyon dollar və ya 2,53 dəfə çoxdur.

Maliyyə Nazirliyinin məlumatına əsasən 2022-ci ilin I rübündə dövlət büdcəsinin mədaxili 7 milyard 9,6 milyon manat, xərcləri 5 milyard 629,5 milyon manat təşkil etməklə, 1 milyard 380,1 milyon manat məbləğində profisit yaranıb. Beləliklə, büdcənin gəlirlər hissəsi rüblük proqnoza qarşı 417,7 milyon manat (6,3 faiz) çox icra olunub. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 273,2 milyon manat və ya 22,2 faiz çoxdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 802,2 milyon manat - proqnoza nisbətən 538,9 milyon manat və ya 23,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 716,5 milyon manat və ya 34,4 faiz çox gəlir təmin edilib.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə rüb ərzində 1 milyard 232,0 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 236,0 milyon manat və ya 23,7 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 288,4 milyon manat və ya 30,6 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən dövlət büdcəsinə 165,1 milyon manat vəsait daxil olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 50,1 milyon manat və ya 43,6 faiz çoxdur. Sair daxilolmalar üzrə dövlət büdcəsinin gəlirləri 53,3 milyon manat təşkil edib.

Birinci rübdə Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 3 milyard 180 milyon manata qarşı 2 milyard 757 milyon manat transfert edilib. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Neft Fondundan nəzərdə tutulan transfertdən 423,0 milyon manat və ya 13,3 faiz az istifadə olunmasına imkan verib.

Nazirlik bildirir ki, cari ilin 1-ci rübündə dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

Qlobal əmtəə bazarlarında gedən sürətli bahalaşma Azərbaycanda da qiymətlərin yüksəlməsini şərtləndirib. Xüsusilə ərzaq qiymətlərindəki kəskin artım Azərbaycana da öz mənfi təsirini göstərib. Rəsmi statistikaya əsasən yanvar-aprel aylarında ölkədə illik inflyasiya 12,4 faiz, o cümlədən ərzaq inflyasiyası 17,9 faiz təşkil edib. Ölkə rəsmiləri inflyasiyanın əsasən idxal mənşəli olduğunu bəyan edirlər. Qlobal bazarlardakı bahalaşmanın yaxınmüddətli dövrdə davam edəcəyini nəzərə alsaq, növbəti aylarda da Azərbaycanda inflyasiyanın yüksələcəyini söyləyə bilərik. Sürətli bahalaşma üzündən gəlirlərinin mühüm hissəsindən məhrum olan ölkə vətəndaşları dövlət büdcəsində dəyişiklik olunarkən əmək, pensiya və müavinətlərin artırılmasını gözləyirlər.

Büdcədən əlavə vəsait ayrılması zəruri sayılan digər istiqamət işğaldan azad olunan ərazilərin bərpasıdır. Mövcud büdcə sənədində bu istiqamətə 2,2 milyard manatın sərf olunması nəzərdə tutulur. Lakin əhalinin öz doğma torpaqlarına qayıtmaq üçün səbirsizlənməsi fonunda bu xərclərin artırılması zərurəti yaranır.

Vüqar Bayramov: Zəngəzur dəhlizi daha qısa vaxtda istifadəyə verilə bilər - AZƏRTAC


İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramovun dediyinə görə, son günlər daha çox verilən suallar dəyişikliklər ilə hansı istiqamətlərə vəsaitlərin ayrılması və eləcə də əmək haqlarına necə təsir edəcəyi ilə bağlıdır: “Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar nəzərdə tutulsa da bu ilin ötən aylarında orta qiymət hər barel üçün 100 dollardan çox olub. Bu isə həm neft, həm də qeyri-neft sektorundan dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaradıb. Təbii ki, layihə hazırlanma mərhələsində olduğu üçün konkret dəyişikliklər ilə bağlı fikir söyləmək mümkün deyil. Dəyişikliklər layihəsi Milli Məclisə təqdim olunduqdan sonra bu istiqamətdə daha konkret müzakirələr aparmaq mümkün olacaq. Bununla yanaşı, Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ölkə rəhbərliyinin xüsusi diqqətində olduğu üçün bu istiqamətə daha çox vəsaitin ayrılacağı istisna deyil. Digər tərəfdən, iqtisadi aktivliyin daha da genişləndirilməsi üçün ayrılacaq vəsaitlərin həcminin artırılacağı da gözləniləndir”.

Millət vəkili bildirir ki, bütövlükdə, mövcud təsdiq olunmuş büdcə sənədinə əsasən, 2022-ci ildə ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45 faizdən çox olacaq: “Büdcə xərclərinin 46.5 faizinin sosial istiqamətə yönəldilməsi sosial təminat məsələlərinin prioritet olduğundan xəbər verir. Bu, il ərzində yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir. Büdcə imkanlarının artması sosial istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradır”.

Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir - 09.07.2021, Sputnik Azərbaycan

İqtisadçı-ekspert Rəşad Həsənov qeyd edir ki, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılacaqsa, bu zaman əsasən 3 istiqamətdə xərclərin artırılmasına ehtiyac var: “Bunlardan birincisi artan inflyasiya nəticəsində yoxsullaşan vətəndaşın, xüsusilə də azgəlirli sosial qrupların müxtəlif mexanizmlərin vasitəsilə gəlirlərinin artmasının təmin olunması, beləliklə də alıcılıq gücünün artırılması olmalıdır. Burada əlillər, pensiyaçılar, dövlət sektorunda aşağı maaşla çalışan insanlar diqqət mərkəzində olmalıdır. Yəni burada reqressiv yanaşma tətbiq edilməlidir. Azgəlirli insanlara daha yüksək əvəzləmələrin verilməsi, onların inflyasiyadan qorunması birinci məqsəd olmalıdır. İkinci mühüm məsələ ərzaq təhlükəsizliyi risklərinin neytrallaşdırılması ilə bağlı tədbirlərinin maliyyələşdirilməsidir. Xüsusilə də indi kənd təsərrüfatı fəaliyyətlərinin aktiv dövrüdür. Bunu nəzərə almaqla istehsalı daha aktiv mexanizmlərlə dəstəkləmək olar. Eyni zamanda tədarük prosesini sürətləndirməklə həm idxal, həm yerli istehsal hesabına əhəmiyyətli ərzaq ehtiyatlarının yaradılması əsas hədəflərdən biri olmalıdır. Qida zəncirinin əsas iştirakçıları ola sahibkarlar ehtiyatların artırılması üçün ucuz vəsaitlərlə təmin edilməlidilər. Çünki 2022-ci ilin sonu, 2023-cü ilin əvvəlləri, 2023-cü il dünyada ərzaq qıtlığının yaranması ehtimalı yüksəkdir. Rusiya-Ukrayna müharibəsinin dayanması gözlənilən deyil, bu müharibənin potensial effektləri çox yüksək qiymətləndirilir”.

Ekspertə görə, büdcə xərclərinin artırılmalı olduğu üçüncü istiqamət icbari tibbi sığorta xərcləridir: “Sığortalanan xəstəliklərin siyahısı genişləndirilməli, bu sahəyə daha çox vəsait ayrılmalıdır. Hesab edirəm ki, bütün hallarda dövlət büdcəsi vəsaitlərindən maksimum səmərəli istifadə təmin edilməli, vəsaitlərin bölüşdürülməsi zamanı bu amil nəzərə alınmalıdır”.\müsavat

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26