Interposta.Info

Neftçalanın Tataraməhlə kəndində acınacaqlı vəziyyət

Ölkə
 6-06-2022, 09:59     84

Neftçalanın Tataraməhlə kəndində otlaq sahələri olmadığından sakinlər bir neçə ildir acınacaqlı vəziyyətlə üzləşiblər.

"Report”un Aran bürosu xəbər verir ki, kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıqdır. Sakinlər torpaq sahələrindən əldə etdikləri gəlir vasitəsi ilə öz ailəsini dolandırır.

Lakin sakin bildirirlər ki, uzun illərdir, mal-qaranı otarmaq üçün otlaq sahələri yoxdur.

"Torpaq islahatı zamanı əhaliyə örüş sahəsi kimi 200 hektar torpaq sahəsinin verilməsi üçün protokol tərtib olunub. Qalan torpaqlar da bələdiyyənin idi. Əhaliyə verilən 1 600 hektar torpaqdan başqa, qalan 400 hektar torpağın hamısı tanımadığımız şəxslərə satılıb. İndi də mal-qaranı otarmaq üçün otlaq sahələri tapa bilirik” - sakinlər bildirirlər.

Örüş sahəsinin zəbt edildiyini iddia edən sakinlər deyir ki, otlaq sahəsi olmadığından mal-qaranı tövlədə saxlamalı olurlar. Hətta bəzi sakinlər örüşsüzlük ucbatından iri və xırda buynuzlu heyvanlarının hamısını satmaq məcburiyyətində qalıblar.

"Report”un Aran bürosu məsələ ilə bağlı Tataraməhlə kənd bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyə sədri Qabil Mehdiyev bildirib ki, yerli özünüidarəetmə orqanının balansında olan torpaq sahələri 2002-2003-cü illərdə, habelə sonralar 25-30 və 40 illik icarəyə verilib

"Həmin torpaq sahələri hazırda icarəçilər tərəfindən istifadə olunur. İcarə müddəti bitdikdən sonra torpaq sahələri yenidən hərraca çıxarılacaq, tender keçiriləcək. Kənd camaatı da hərracda iştirak etməklə torpaq sahələrini icarəyə götürüb örüş və ya əkin sahəsi kimi istifadə edə bilər”, - o deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26