Interposta.Info

Azərbaycanda genişmiqyaslı ƏMƏLİYYAT: 46 nəfər tutuldu - GÖRÜNTÜLƏR

Ölkə
 3-06-2022, 10:04     374

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən "İnterPosta"ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt və bölgələrdə son 20 gün ərzində keçirdikləri genişmiqyaslı əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin daha 46 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 101 kiloqram narkotik vasitə və psixotrop maddə, 6604 ədəd psixotrop tərkibli həb, 500 ədəd kultivasiya edilmiş çətənə kolu, həmçinin 3 ədəd müxtəlif markalı tapança, 70 ədəd patron və patron daraqları aşkar edilib.

Daxil olmuş məlumat əsasında Xətai, Yasamal və Yardımlı rayonlarında keçirilən əməliyyatlar zamanı Ramin Mirzəyev, Məhəmməd Zərbəlizadə, Ülvü Bağırlı və Əmrah Süleymanlı tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 67 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 33 kiloqram heroin, 12 kiloqram metamfetamin, 12 kiloqram tiryək, 10 kiloqram marixuana, elektron tərəzilər və narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri aşkar edilib. Məhəmməd Zərbəlizadədən əlavə olaraq 1 ədəd tapança və patron darağı da aşkar olunaraq götürülüb.

Paytaxtın Nizami və Səbail rayonlarında keçirilən əməliyyatlar zamanı isə silahlı narkotacirlər - Fərid Abbaszadə , Təbriz Rahmanov və qardaşı Pərviz Rahmanov tutulublar. Onlardan 10 kiloqram müxtəlif xassəli narkotik vasitə, 2 ədəd tapança, patonlar, 4 ədəd qaz balonu və narkotiklərin satışından əldə olunan 24 min manat pul aşkar olunaraq götürülüb.

Adları çəkilən 7 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri Azərbaycan ərazisində qəbul edərək satışı təşkil etməli imişlər. Onların məqsədi narkotik vasitələri satmaqla yanaşı, milli genefondumuzu məhv etmək üçün əsasən gəncləri narkokuryerliyə cəlb etmək olub.

Baş İdarənin paytaxt, eləcə də respublikanın digər bölgələrində keçirdiyi əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 39 nəfər saxlanılıb. Onlardan 24 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar və xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26