Interposta.Info

“Əli Əliyevin 2 aydan sonra azadlığa çıxması real görünmür, çünki... “

Ölkə
 24-05-2022, 15:28     269

VİP sədri Əli Əliyev iki ay sonra azadlığa çıxır. Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq xüsusi ittiham qaydasında 2 şikayət veriblər.

Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunaraq Ə.Əliyev 5 ay müddətinə həbs edilib. Bir müddət sonra isə Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə prosesində isə Ə. Əliyevin əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum edilib.

Bir neçə gün öncə isə mətbuat orqanlarında məlumat yayıldı ki, Əli Əliyev barədə yenidən cinayət işi başlanıb. Belə ki, partiya sədri barəsində növbəti dəfə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşov tərəfindən xüsusi ittiham qaydasında şikayət verilib. Əli Əliyev bu dəfə Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə ittiham olunur. Cinayət işinin ibtidai istintaqı başa çatıb və materiallar baxılmaq üçün Yasamal rayon Məhkəməsinə göndərilib.

Bəs hazırda VİP sədri Əli Əliyevin vəziyyəti necədir? Son məhkəmə işindən nə xəbər var?

Mövzu ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının təşkilati işlər üzrə sədr müavin Zaur Mahiroğlu Musavat.com-a danışıb:

“Həbsxanada olsa belə Əli Əliyevin səhhəti ilə bağlı heç bir narahatlıq yoxdur. Yalnız son vaxtlar bəzi gərginliklər var ki, bu da son qondarma məhkəmə işi ilə bağlıdır. Zatən belə olacağını gözləyirdik. Yəni, gözləyirdik ki, Əli Əliyev 6 aydan sonra da sərbəst buraxılmayacaq. Dəfələrlə bildirib ki, son məhkəmə işlərində ona təzyiqlər edilib, indi yenə də yanına gedib-gələnlər, hansısa razılaşma ilə bağlı tələblər var. Bu razılaşmanı əldə edə bilmədikləri üçün də qondarma məhkəmə prosesinə başladıblar. Hakimiyyətin bu yola əl atması çox gülünc, absurddur”.

Zaur Mahiroğlu Əli Əliyevə qarşı açılan son məhkəmə işindən də danışıb: “Bununla bağlı ilk məhkəmə prosesi mayın 20-nə təyin olunsa da, təxirə salındı. Məhkəmə bildirdi ki, pentensiar xidməti Əli Əliyevi məhkəməyə gətirmədiyi üçün məhkəmə təxirə salınaraq, mayın 27-nə təyin olunub. Beləliklə, məhkəmə ilə bağlı vəziyyət mayın 27-də aydın olacaq. İddiaçı şəxs Əli Əliyevin 6 aylıq həbsini istəyib.
Rəsmi olaraq iyulun 13-də Əli Əliyev azadlığa buraxılmalı idi. Lakin onun azadlığa çıxması real görünmür. Bu, həm konstitutsiyaya, qanunlara, beynəlxalq hüquqlara zidd olan məsələ, siyasi tapşırıqdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26