Interposta.Info

“Polis rəisi İlkinin qatil olduğunu deməyim üçün təzyiq edirdi” - Nərminin məhkəməsi

 

Ölkə / Manşet
 6-04-2022, 21:02     405

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

"İnterPosta" APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov vəkillərin suallarını cavablandırıb.

Şahid deyib ki, hadisə baş verdikdən sonra Tovuz Rayon Polis Şöbəsinin sabiq rəisi Şirzad Əsgərov ondan İlkinin əleyhinə danışmağı tələb edib:

"Şirzad Əsgərov mənə təzyiq edirdi ki, hər yerdə İlkinin qatil olduğunu deyim. Buna baxmayaraq, mən imtina etdim, barəmdə şikayətlər yazdı. Mənə və yaxınlarıma qarşı olan təzyiqlərə tab gətirə bilmədiyimə görə, bir müddət sonra daxili işlər orqanlarından ayrıldım".

Proses aprelin 11-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26