Interposta.Info

Altı silahlı şəxs sərhədi pozdu, sərhədçilərimizə atəş açıldı - Biri zərərsizləşdirildi

 

Ölkə / Manşet
 5-04-2022, 12:33     273

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər sərhədçilərə atəş açıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluq birgə məlumat yayıb.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

4 aprel tarixində saat 20:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Horadiz” sərhəd dəstə­si­nin Cəbrayıl rayonunun Şıxalıağalı kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadının başçısı əsgər Həsənzadə Fərid Rəhman oğlu və naryadın üzvü əsgər Məhərrəmov Qabil Elgün oğlu tərəfindən 6 nəfər silahlı naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunub.

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri ve­rilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd edib.

Sərhəd naryadı yaranmış vəziyyətdə yüksək sayıqlıq və şücaət nümayiş etdirib, "Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edərək sərhəd pozucularından birini zərərsiz­ləşib. Digər 5 nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olub.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Behnam Balai olması müəyyənləşdirilib, onun yanında AKM tipli Kalaşnikov avtomatı, 3 ədəd bağlamada çəkisi 32 kiloqram 270 qram külli miqdarda narkotik vasitə aşkar olunub.

Hadisə yerindən uzaqlaşmış digər sərhəd pozucularının saxlanılması məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində sərhəd pozucularından biri - İİR vətəndaşı Məhəmməd Zarehi Tağı sərhəd­boyu zolaqda qamışlıq sahədə gizləndiyi yerdə aşkarlanaraq saxlanılıb, digər sərhəd pozucularının yerlərinin müəyyən olunması istiqamətində qoşun və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.

Fakt üzrə cinayət işi başlanılıb, hazırda DSX və Baş Prokurorluq tərəfindən birgə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26