Interposta.Info

Zəfər tarixi: "Aprel döyüşləri"ndən 6 il ötür

Ölkə / Manşet
 2-04-2022, 09:48     404


Bu gün şanlı Aprel döyüşlərindən 6 il ötür.

Döyüşlər Ermənistanın martın sonlarından etibarən cəbhə xəttində genişmiqyaslı təxribat törətməsinə cavab olaraq başlamışdı.

Azərbaycan ordusu 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb. Ermənistan isə bu xülyaya qapılmışdı ki, guya Azərbaycana dərs verəcək, amma bunun tam əksi baş verdi.

Azərbaycan 4 günlük müharibə ilə Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib.

Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.

Azərbaycan ordusu Aprel zəfəri ilə Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etmişdi.

Döyüşlər zamanı hərbçilərimiz "Ohanyan müdafiə xətti”ni müzəffər cəmi 20 dəqiqəyə yarmışdı.

Azərbaycan Aprel müharibəsində ən müasir silahlardan da istifadə etmişdi, bu isə Ermənistanı əməlli-başlı qorxudurdu.

Azərbaycan döyüşlər zamanı "Harop” pilotsuz kamikadze aparatlarından, "cəhənnəm silahı” adlandırılan "TOS-1A” ağır odsaçan artilleriya sistemlərindən istifadə etmişdi.

Azərbaycan ordusu Aprel döyüşlərində Lələtəpə yüksəkliyini, Talış yüksəkliyini və digər bir sıra mühüm strateji yüksəklikləri işğaldan azad etmişdi.

Geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin işğaldan təmizlənməsi Cəbrayılın Cocuq Mərcanlı qəsəbəsinin və Füzulinin Horadiz şəhərinin təhlükəsizliyini təmin edib.

Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dan çox tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 1000-dən artıq döyüşçüsü yaralanıb.

Döyüşlərdən sonra bir sıra yolların – Goranboyun Gülüstan kəndi, Tərtərin Suqovuşan (həmin zamanlar Madagiz adlanırdı) üzərindəki yolların nəzarətdə saxlanılması təmin edilib.

Əməliyyatlar aprelin 5-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin Moskva razılaşmasına əsasən dayandırılıb.

Aprel döyüşləri Azərbaycan üçün böyük zəfərin başlanğıcı idi. Dördgünlük müharibə Vətən müharibəsində işğalda qalan torpaqların işğaldan azad edilməsində həlledici rol oynadı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26