Interposta.Info

8 il həbs cəzası verilmişdi, bəraət aldı

Ölkə
 3-03-2022, 21:30     238

Rusiyaya satış üçün aparılan meyvələrin daşındığı yük maşınlarının sənədləşmə işlərini həll edən və bu prosesdə 38 500 dollar pulu mənimsəməkdə ittiham edilən şirkət rəhbəri bəraət alıb.

"Qafqazinfo” xəbər verir ki, Elnur Nəzirov "Melaqro” MMC-nin adından meyvə məhsulları yüklənən 28 ədəd yük maşınının Rusiyaya keçirilməsini həyata keçirib. İttihama görə, bunun üçün şirkət gömrük rüsumlarını 38 500 dollar ödəyib. Həmin pul Rusiyada yük maşınlarını qəbul edən "Sabon” MMC tərəfindən "Melaqro”ya geri qaytarılıb. Lakin Elnur Nəzirov onların etibarından sui-istifadə edərək çəkilən xərclərin əvəzini ödəməməklə dəluduzluq edib.

E.Nəzirov Bakı Ağır Cinayətlər Məhkəməsində proses zamanı ifadə verərək deyib ki, həmin 28 maşında daşınan meyvələrin sahibi olmayıb: "Mən yalnız "Melaqro” MMC ilə məhsul sahiblərini tanış edirdim. Mən əvvəllər İqtisadi İnkişaf Nazirliyində işlədiyim üçün bu proseduru bilirəm. Buna görə də Xaçmazda ofis açıb şirkətlərin sənədləşmə işlərini həll edirdim. Bir dəfə tanışım Çingiz Bayramov məni "Melaqro” MMC-nin maliyyə işlərini görən Elton Əliyevlə tanış etdi. Onlar şirkət olaraq tanınmaq istədiklərini, bazarda yer tutmaq niyyətində olduqlarını dedilər. Məndən də həm sənədləşmədə, həm də məhul aparan müştəri tapmaqda kömək etməyimi istədilər. Bu formada onlarla əməkdaşlıq edirdim. Bir dəfə elə Çingiz Bayramov özü 28 maşın yük aparırdı. "Melaqro”dan mənə dedilər ki, Çingizi tanıyırlar və ödənişi Çingiz özü edəcək, ona görə də ondan pul almadım. Çingizin göndərdiyi məhsulları Rusiyada öz nümayəndəsi qəbul edib. Məhsul mənim deyil, mənə də pul ödənməyib. Məhsulları Rusiyada sifarişçilərin nümayəndləri qəbul edirdi. Mən heç vaxt Rusiyada olmamışam”.

Rusiyaya göndərilən 28 yük maşınından bir neçəsindəki məhsulların sahibi Xəyyam Bayramov məhkəmədə ifadəsində bunu təsdiqləyib və ödənişlə bağlı problem yaranan zaman "Melaqro” MMC-nin ofisində gedərək 38 500 dolları ödəmək üçün müqavilə bağlamağı təklif etsə də, şirkət rəsmilərinin onunla razılaşmadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Nəzirov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, ötən il noyabrın 2-də məhkəmə zalında həbs olunub. Bundan öncə isə 2019-cu ildə 7 ay həbsdə qalıb, hökmə kimi isə 2 il ev dustaqlığında yaşayıb.

E.Nəzirovun vəkili İlqar Rüstəmov hökmdən apellyasiya şikayəti verərək qeyd edib ki, məhkəmədə işə obyektiv baxılmadan, müvəkkilinin müdafiə hüquqları pozulmaqla hökm çıxarılıb: "Əvvəla cinayət işinin istintaq Xaçmaz rayon Polis İdarəsində yox, Nərimanov RPİ-də araşdırılmalı idi. Məhkəmədə isə "Sabon” MMC-nin nümayəndəsi İrina Qarriyevna Elnur Nəzirovun Rusiyada məhsulları qəbul edərək möhürləri dəyişdirdiyini deyib. Dövlət Sərhəd Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd edilən dövrdə ümumiyyətlə Elnur Nəzirov Rusiya Federasiyasının ərazisində olmayıb”.

Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsində işə istintaqla baxılması barədə qərar verilib. İrina Qarriyevna təkrar dindirilərkən Elnur Nəzirovu tanımadığını, ittihamda qeyd edilən yük maşınları üçün onun şirkəti deyil, başqa broker şirkəti tərəfindən gömrük rüsumu ödənildiyini bildirib.

Vəkil İlqar Rüstəmovun sualına cavab olaraq İ.Qarriyevna deyib ki, ümumiyyətlə "Sabon” MMC bu iş üçün hər hansı ödəniş etməyib.

Apellyasiya şikayətində qeyd edilib ki, həmin 28 avtomobildəki məhsullar "Melaqro” MMC-nin adına rəsmiləşdirilib: "Elnur Nəzirovla "Melaqro” arasında ümumiyyətlə heç bir borc müqaviləsi olmayıb. Elnur Xaçmaz rayonu ərazisində yalnız "firmanc” adlanan broker fəaliyyəti ilə məşğul olub”.

Sumqayıt Apellyasiya Məhkəməsi vəkil İlqar Rüstəmovun şikayətini təmin edərək Elnur Nəzirovun təqsirsiz olması qənaətinə gəlinib və ona bəraət verilib. E.Nəzirov məhkəmə zalından azadlığa buraxılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26