Interposta.Info

Bakı metrosunda daha bir yenilik

Ölkə
 26-02-2022, 19:53     175

Bakı metropolitenində qatarların maşinistsiz idarə sistemi və onun təməl bazası olan müasir CBTC sisteminin tətbiqi ilə gələcəkdə reallaşacaq. Hazırda "Nərimanov” elektrik deposunda aparılan işlər mövcud "Qırmızı" və "Yaşıl" xətlər üçün bu istiqamətdə ilk addımlardır və onun başlanğıc sistemlərinin quraşdırılması tamamlanıb.

Bunu "Report”a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B. Məmmədov vurğulayıb ki, CBTC sistemi qatarların radiodalğalarla idarəetmə sistemidir: "Qatarların radiodalğalarla idarə edilməsi ən müasir sistemlərdir, bu sistemlərin təməldən tətbiqi Bakı metropolitenin yeni xətlərində nəzərdə tutulacaq. "Bənövşəyi" xətt ("Avtovağzal"dan "8 Noyabr"a qədər olan 3 stansiya) hazırda bu prinsiplərlə inşa edilir və sistemlərlə funksional təchizatı bunu nəzərdə tutur. Bu sistemin tətbiqində özünəməxsus texniki tələblər var.

Birinci mərhələ üçün orada mikroprosesor sisteminin quraşdırılması nəzərdə tutulmalıdır. Bu istiqamətdə təməldən işlər aparılmalıdır. Bu stansiyalarda mikroprosesor sistemi quraşdırılır, lakin gələcəkdə qatarların radiodalğalarla idarə olunması sistemlərinin quraşdırılması (Communications-based train control – CBTC ) üçün texniki şərait yaradılır".

B. Məmmədovun sözlərinə görə, CBTC sistemlərinin üstünlüyü ondan ibarətdir ki, qatarların hərəkəti daha effektiv və daha təhlükəsiz olur: "Eyni zamanda intervalların tənzimlənməsi orda daha rahat və təhlükəsiz prinsiplər əsasında tətbiq edilir. Bunun yekun nəticəsində maşinistsiz idarəetmənin tətbiqini nəzərdə tutur. Köhnə xətlərdə bu istiqamətdə "Nərimanov” elektrik deposundan başlayaraq işlər aparılmalıdır. Hazırda "Nərimanov” elektrik deposunda ilkin işlər tamamlanıb. Onun təməl bazası olan "ox sayğacı” sistemin tətbiqi artıq həyata keçirilir. Bu sistemin tətbiqi gələcəkdə xətlərimizdə davam etdiriləcək. Amma bu kifayət qədər böyük maliyyə vəsaiti və texniki resurslar tələb etdiyi üçün, həm də hərəkət dayandırılmadan davam edən bir proses olacağından mərhələli şəkildə aparılmalıdır".

O əlavə edib ki, sistemin metronun mövcud xətlərində tətbiqi daha mürəkkəb bir prosesdir, çünki mövcud sistemin əvəzinə tamamilə fərqli quruluşa və iş prinsiplərinə malik yenisi tətbiq edilməlidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26