Interposta.Info

Azad olunmuş ərazilərdən kənarda xidmət edən hərbçilərin də maaşı artırıldı

Ölkə / Manşet
 23-12-2021, 19:26     169

Müdafiə Nazirliyinin işğaldan azad olunmuş ərazilərdən kənarda həqiqi hərbi xidmət edən hərbi qulluqçularının maaşları artırılıb.

"İnterPosta" məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Fərmanda əksini tapıb.

Fərmana əsasən, "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncamı ilə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edildiyini nəzərə alaraq, Müdafiə Nazirliyinin həmin əlavənin şamil olunmadığı həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və Müdafiə Nazirliyinin əməliyyat briqadalarının və əlahiddə ümumqoşun ordusunun tabeliyində olan xüsusi təyinatlı briqadaların hərbi qulluqçularına bu artımlar şamil edilmir.

Qeyd edək ki, Prezident İlham Əliyevin "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” 25 iyun 2021-ci il tarixli sərəncamına əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilib. Müəyyən edilib ki, bu sərəncamda nəzərdə tutulan hərbi qulluqçulara Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla, aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində 5 (beş) il müddətində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26