Interposta.Info

“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı

Ölkə / Manşet
 27-11-2021, 12:35     181

"Sosial Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin (Təkliflər sorğusu) qalibi məlum olub.

"İnterPosta" yeniavaz-a istinadla xəbər verir ki, tenderin qalibi "TVM İnşaat” MMC (VÖEN- 1101408601) olub.

Açıqlanan rəsmi məlumatda göstərilir ki, "TVM İnşaat” MMC "Sosial Tədqiqatlar Mərkəzi”nin sifarişi əsasında bu qurumun obyektinin tikintisini həyata keçirəcək.

MMC tender şərtlərində göstərilən işlərin həyata keçirilməsi üçün "Sosial Tədqiqatlar Mərkəzi”ndən 1 milyon 810 min manat alacaq. Tikinti işlərinin bu ilin iyul ayında başladığı və ilin sonunda başa çatacağı bildirilir.

Məlumat üçün bildirək ki, "TVM İnşaat” MMC 25.07.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı "Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, m. 8” olaraq göstərilir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.

Onu da bildirək ki, millət vəkili Zahid Orucun rəhbərlik etdiyi "Sosial Tədqiqatlar Mərkəzi”nə inzibati bina tikdirməsi üçün 2019-cu ildə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən icazə verilib.

"Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 18” ünvanında tikiləcək inzibati binanın 2 mərtəbəli olması nəzərdə tutulub. Binanın ümumi sahəsi isə 2091,3 kv. metr olacaq.

Rəqəmlərdən də göründüyü üçün obyektin 1 kv. metrinin tikintisi 866 manata başa gələcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26