Interposta.Info

Sürücülük vəsiqəsini energetik içki ilə yuyub təpiklədilər (VİDEO)

Ölkə
 6-11-2021, 20:47     444

Sosial şəbəkələrdə sürücülük vəsiqəsini energetik içki ilə yuyan şəxs ciddi müzakirə mövzusuna çevrilib.

"İnterPosta" Oxu.Az-a istinadən xəbər verir ki, videogörüntülərdə şəxs sürücülük vəsiqəsini öncə energetik içki ilə yuyur, daha sonra təpiklə vuraraq yerə atır. Şəxsin kimliyi, sürücülük vəsiqəsinin özünə aid olub-olmadığı isə məlum deyil.

Sosial şəbəkə istifadəçiləri şəxsin bu hərəkətini birmənalı qarşılamayıb və dövlət sənədinə qarşı bu cür yanaşmanın doğru olmadığını qeyd ediblər.

Qanunvericilikdə bu kimi davranışlara qarşı hər hansı inzibati tənbeh tədbirləri varmı?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Oxu.Az-a açıqlamasında bildirib ki, bu cür davranış ilk növbədə insanın öz mədəniyyətinin göstəricisidir:

"Sürücülük vəsiqəsinin üzərində də bizim milli ornamentlərimiz var, ölkəmizin xəritəsi orada əks olunub. İndi həmin adam məsuliyyətsizlik, mədəniyyətsizlik edərək sürücülük vəsiqəsini energetik içki ilə yuyur. Onun üzərində olan mikroçip zədələnir və öz keyfiyyətini itirə bilir. Bu sadəcə harınlığın, qudurğanlığın nəticəsidir. İnsan nə ilə seçilə bilər? Sürücülük vəsiqəsinin üzərinə energetik içki töküb, təpiklə vurub yerə atmaq normal insana aid hərəkət deyil.

Düşünürəm ki, həmin şəxsin sürücülük vəsiqəsini nə zaman aldığı, nə qədər cəriməsi olduğu, bu hərəkəti etməklə nə demək istədiyi Dövlət Yol Polisi tərəfindən araşdırıla bilər. Hər halda bu ədəbsizlikdir, normal hərəkət deyil. Psixoloqlar da buna rəy verə bilər ki, normal insan şəkil, ad, soyad olan vəsiqəni niyə təpikləyib ayaqaltına atır? Hər şeydən əvvəl sürücülük vəsiqəsinin üzərində Azərbaycan Respublikasının xəritəsi var. Bu məsələdə insanlar ictimai qınaq nümayiş etdirməlidir. Çünki bu məsələdə qanunvericiliklə hər hansı qadağa, cəza nəzərdə tutulmur”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26