Interposta.Info

Generalın dəstəsi şantaj elədi, iş adamı intihar etdi, arvadı... (FAKTLAR)

Ölkə
 12-10-2021, 16:35     149

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov və digər vəzifəli şəxslər 2013-ci ilin noyabr və dekabr aylarında iş adamı Cahangir Məmmədova qarşı cinayət törətdikləri məlum olub.

"İnterPosta" Teleqraf.com-a istinadən məlumata görə, Cahangir Məmmədov Mövlam Şıxəliyev və digər şəxslərin qanunsuz əməlləri nəticəsində intihar edib. ƏTRAFLI Galaxy Z Flip3 inpag Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yasin Məmmədov bildirib ki, MTN-in İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi vəzifəsində işlədiyi dövrdə idarənin rəisi Təhsin Ağayev tərəfindən müxtəlif ölçülü pirotexniki məmulatlar, digər məişət mallarının qaçaqmalçılıq yolu ilə gizli keçirilməsi faktı əsasında Cahangir Məmmədov və digər şəxslər barəsində başlanmış cinayət işi üzrə istintaqın aparılması onun icraatına verilib:

"Təqsirləndirilən şəxs Cahangir Məmmədovdan hədə-qorxu gələrək həbsdən azad olunması üçün qardaşı Məzahir Məmmədov vasitəsi ilə hər hansı bir məbləğdə və formada pul vəsaiti almamışam. Bu məlumatlar barəmdə böhtan və şər xarakteri daşıyır”. Yasin Məmmədov bildirib ki, Cahangir Məmmədov və digər şəxslərin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə MTN-in rəhbərliyi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun ümumi razılığı əsasında Cahangir Məmmədovun təcridxana şəraitində saxlanılmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi ilə əlaqədar barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz olunub: "Həmin iş üzrə ibtidai istintaq yekunlaşdırılıb, Cahangir Məmmədov və mütəşəkkil dəstənin digər üzvlərinə yekun ittiham verilib. Cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edildikdən sonra iş məhkəməyə göndərilib. Cahangir Məmmədov və digər şəxslər məhkəmənin hökmünə əsasən təqsirli biliniblər, müxtəlif növ cəzalara məhkum olunublar”.

Zərərçəkmiş Cahangir Məmmədovun hüquqi varisi qismində ifadə verən Arif Məmmədov bildirib ki, 2013-ci ilin oktyabrında ona xatırlamadığı qohumu zəng edib və Cahangirin MTN əməkdaşları tərəfindən tutulduğunu bildirib: "Sonradan Cahangirin Əfsəl Həsənəliyev, Sərdar, Orxan, Məcid və Elman adlı şəxslərlə birlikdə Gürcüstandan pirotexniki məmulatları və yapışqan lentləri Azərbaycan ərazisindən keçirməklə İrana aparmaq istədikləri üçün MTN əməkdaşları tərəfindən tutulduqlarını öyrəndim. Səbail rayon Məhkəməsi Cahangirin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçdi. Cahangirin hüquqlarını müdafiə etmək üçün Cavad və Bəxtiyar adlı vəkillərlə müqavilə bağladıq”.

Hüquqi varisin sözlərinə görə, Cahangirin işini MTN-in müstəntiqi Yasin Məmmədov aparıb: "Cahangirin işi ilə kiçik qardaşım Məzahir maraqlanırdı. Cahangir tutulduqdan təxminən bir ay sonra Yasin Məmmədov Məzahirə zəng etdi, öz xidməti otağına çağırdı. Orada Cahangiri həbsdən azad etməsi üçün 100 min manat istədi. Lakin Məzahir həmin məbləğə gücünün çatmayacağını dedi. Məzahir onun kabinetindən çıxan kimi yanıma gəldi, hadisəni mənə danışdı. Özümün 30 min manatım vardı, qohumum və dostum Oruc Cabbarovdan da 20 min manat borc aldım”.

Arif Məmmədov qeyd edib ki, MTN-in inzibati binasında növbəti görüş zamanı Yasin Məmmədov Məzahirə rəhbərlikdən razılıq aldığını, 80 min manat veriləcəyi təqdirdə Cahangirin həbsdən azad ediləcəyini deyib: "Məzahir isə qohum-əqrəbadan borc olaraq cəmi 50 min manat yığdığımızı, qalan pula gücümüzün çatmadığını dedi. Bir müddət sonra Məzahir yanıma gəldi, Yasın Məmmədovun 50 min manatı istədiyini dedi. Mən də həmin 50 min manatı Məzahirə verdim. Məzahir də öz növbəsində pulu Yasinə çatdırılması üçün kiməsə verdi. Bundan bir müddət sonra Məzahir mənimlə görüşdü, Yasinin daha 30 min manat istədiyini dedi. Bunu eşidən yeznəmiz Süleyman mənə ümumilikdə 23 min 500 manat verdi. Yerdə qalan 6 min 500 manatı isə Cahangirin arvadı Yeganə Hafiz adlı şəxsdən faizə borc aldı. Məzahir 30 min manatı da Yasin Məmmədova verdi. Məzahirin həmin pulları konkret olaraq nə vaxt, harada və kimin yanında Yasin Məmmədova verdiyini bilmirəm. 80 min manat verdikdən sonra Yasin Məmmədov Cahangiri guya ağır xəstəlikdən əziyyət çəkməsinə dair məhkəmə-tibbi ekspertizasından rəy alaraq həbsdən azad etdi”.

Arif Məmmədov deyib ki, istintaq tamamlandıqdan sonra cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib:

"Həmin məhkəmənin hökmünə əsasən Cahangir 9 min manat cərimə cəzasına məhkum edildi. Cahangir həbsdən azad edildikdən sonra Biləcəri qəsəbəsində həyat evini sataraq borclarını ödəmək üçün evi adıma rəsmiləşdirdi. Evi Elmir, Ağazaman adlı şəxslərə 350 min dollara satmağa razılaşdıq, qabaqcadan 150 min manat aldıq. Bundan sonra həmin puldan Yasin Məmmədova verilən 80 min manatı tam ödədi, evin satılmasına köməklik göstərmiş maklerə 15 min dollar verdi. Sonradan Elmar və Ağazaman adlı şəxslər yerdə qalan borclarını da Cahangirə ödədilər. Cahangir həmin puldan yeni ev alması üçün arvadı Yeganəyə əvvəlcə 10 min dollar, sonra isə 120 min dollar verdi. Yerdə qalan pullardan 600 dollarını qızı Səidəyə göndərdi, digər pulları isə öz ehtiyacları üçün ödədi”.

Arif Məmmədovun ifadəsinə görə, ev satıldığı halda Cahangirin arvadı Yeganə evdən çıxmayıb:

"Bununla əlaqədar Cahangirlə arvadı arasında dəfələrlə mübahisələr baş verdi. Belə olduqda Cahangir mənim Xətai rayonu, General Mehmandarov küçəsi ev 2935 ünvanında yerləşən həyət evinə köçdü, orada anam Nərgizlə birlikdə yaşamağa başladı”.

Arif Məmmədov deyib ki, 13 iyul 2015-ci ildə, saat 17 radələrində Cahangir ülgüc və bıçaqla özünə xəsarətlər yetirib və "Azərsutikinti” xəstəxanasına aparılıb: "Orada Cahangir cərrahiyyə əməliyyatı olundu. İyulun 14-də səhər saat 7 radələrində bacımın əri Süleyman mənə zəng etdi, Cahagirin özünü müalicə aldığı xəstəxananın mətbəx otağının pəncərəsindən ataraq öldüyünü bildirdi”.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb. Bu cinayət işi üzrə oktyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26