Interposta.Info

İqdırdan ölkəmizə çəkiləcək yol Azərbaycan və Türkiyəni hara aparacaq? (ŞƏRH)
 

Ölkə
 24-09-2021, 16:14     281

"İqdırdan ölkəmizə çəkiləcək yol Azərbaycandan keçməklə Türkiyənin Orta Asiya ilə əlaqələrini daha da gücləndirəcək”.

Bunu "İnterPosta" ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İqdır şəhərindən Azərbaycana yol çəkiləcəyi barədə Nyu Yorkda səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Ekspert qeyd edir ki, həmin yola gələcəkdə açılacaq Zəngəzur dəhlizinin tərkib hissəsi kimi baxılır:

"Bu yol tək İqdırla Naxçıvan arasında olacaq kommunikasiya xətti olmayacaq. Gələcəkdə Zəngəzur dəhlizi açılacaqsa, bu zaman Türkiyədən Naxçıvandan keçməklə Azərbaycana yeni bir körpü açılacaq. Bu isə tək Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi və yük daşımaların artmasına təsir etməyəcək. Ümumilikdə Şərq-Qərb koridorunun, habelə Türkiyədən keçməklə Orta Asiya dövlətlərinə böyük yolun tərkib hissəsi olacaq. Yəni bu yola sırf Bakı ilə Ankara arasında dəmir yolu kimi baxmaq doğru deyil”.



Həmsöhbətimiz düşünür ki, sözügedən yolun reallaşması üçün böyük iş həcminə ehtiyac yoxdur və onun baş tutması Azərbaycan üçün əlavə imkanlar yaradacaq:

"Layihəni qısa zamanda həyata keçirmək mümkündür. Bu yolun çəkilməsi Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına xidmət etməklə yanaşı, qardaş ölkənin ərazimizdən keçməklə Orta Asiya ölkələrilə olan ticarət dövriyyəsinin yüksəlməsinə də səbəb olacaq. Türkyəli mütəxəssislərin açıqlamasına görə, yeni açılan yollar bu ölkənin Orta Asiya ölkələrilə ticarət dövriyyəsinin yaxın 5 ildə iki dəfədən çox artmasına rəvac verəcək. Bu da Türkiyə ilə yanaşı, tranzit ölkə olmaq baxımından həm də Azərbaycan üçün önəmlidir. Belədə İqdırdan Azərbaycana çəkiləcək yol ölkəmizə əlavə imkan və fürsətlər qazanmaq imkanı verəcək”.




İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26