Interposta.Info

Şahid: “XİN-in köçürdüyü pulun 42 841 manatını nağdlaşdıraraq Səlim Əlizadəyə verdim”

Ölkə
 22-09-2021, 19:40     300

Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Asif Ağayev dindirilib.

Şahid bildirib ki, Səlim Əlizadə ilə tanışlıqları olub: ""Ofis Aləmi" MMC-nin rəhbəriyəm. Şirkət dəftərxana mallarının satışı ilə məşğuldur. Səlim müəllimlə ordan tanışlığımız olub. Bizdən mallar alırdı. Malları bəzən nisyə götürürdü. Sonradan pulunu ödəyirdi".

A. Ağayev deyib ki, Səlim Əlizadə 2020-ci ildə nazirliklə müqavilə bağlamaqlarını istəyib: "Müqavilələr bağlandı. Pulu köçürmə ilə etməyə başladılar. Səlim bir gün gəldi ki, nazir tapşırıq verib, bu səbəbdən ona pul lazımdır. Mənə dedi ki, bizim şirkətinin adına pul köçürsünlər, mən də həmin pulu çıxarıb ona borc kimi verim. Nazirlik tərəfindən 60 min manat pul köçürüldü. Həmin puldan 18 min manatlıq mal vermişdik. Qalan pulu da illik mallar verəcəkdik. Səlim xahiş etdi ki, pulu nağdaşdırıb ona borc kimi verim. 42 841 manat pulu nağdlaşdırıb, ona borc kimi verdim".

Şahidin istintaqa verdiyi ifadə ilə məhkəmə verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ifadəsi elan olunub. İstintaqda A. Ağayev bildirib ki, tender zamanı qalib olandan sonra Xarici İşlər Nazirliyi tərəfindən 68 min manat pul köçürülüb: "Ondan 18 min manatlıq avadanlıqlar verilib. Vergilər çıxılandan sonra yerdə qalan puldan 42 841 manat pul nağlaşdırılaraq nazirliyinin əməkdaşı Səlim Əlizadəyə verilib.

Daha sonra digər şahidlər ifadə verib.

Proses sentyabrın 29-da davam edəcək.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26