Interposta.Info

Azərbaycanda bu günədək koronavirusdan vəfat edən jurnalistlərin sayı açıqlandı

Ölkə
 31-08-2021, 21:03     210

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycanda jurnalistlər arasında koronavirusa yoluxma halları ilə bağlı monitorinq aparıb.

Qurumdan "İnterPosta"ya verilən məlumata görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 jurnalist COVID-19-a yoluxub, 12 nəfər həmkarımız isə həyatını itirib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, yoluxma halları 178 nəfərdə birinci mərhələnin, 57 nəfərdə ikinci dalğanın, 56 nəfərdə isə son mərhələnin dövrünə təsadüf edib. Dünyasını dəyişənlərdən 10 nəfəri birinci və ikinci mərhələdə, iki nəfəri isə son mərhələdə həyatını itirib.

KİV işçilərinin daima ictimaiyyət arasında fəaliyyət göstərdiyini, bununla da yoluxma riskinin yüksək olduğunu nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışanların növbədənkənar vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib. Müraciətə müsbət cavab verilib.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən 2021-ci ilin aprel ayından etibarən kütləvi informasiya vasitələrində çalışanların vaksinasiyası həyata keçirilir. Proqram çərçivəsində indiyədək təqribən 70 redaksiyadan 1 100 nəfərədək KİV işçisi vaksinasiya olunub.

Proqram çərçivəsində vaksinasiyadan keçmiş KİV işçilərinin durumu da müşahidə edilir. İndiyədək birinci doza vaksin almış və sonradan yoluxmuş KİV işçilərinin sayı üç nəfər, ikinci doza vaksin almış və yoluxmuş şəxslərin sayı isə iki nəfərdir. Onlar xəstəlik dövrünü bitirərək fəaliyyətlərini bərpa ediblər. Hər iki doza vaksini almış KİV işçiləri arasında həyatını itirmə faktı qeydə alınmayıb.

Müşfiq Ələsgərli qeyd edib ki, siyahı KİV-lərdə dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə məlumatı ictimailəşdirənləri əhatə edir. Yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]mail.com
Telefon: (+994) 55 740 69 26