Interposta.Info

AMEA həbs edilən deputatla bağlı bəyanat verdi

Ölkə
 4-08-2021, 09:32     378

"Deputat Eldəniz Səlimovun akademik Ramiz Mehdiyevlə heç bir bağlılığı yoxdur və bu şəxsin AMEA prezidentinin dəstəyilə deputat mandatı alması haqqındakı fikirlər tamamilə absurddur".

Azərbaycan Milli Elmlər Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin bugünkü açıqlamasında belə deyilir. Açıqlama AMEA-nın rəsmi saytında yayılıb.

"Son günlər bəzi KİV-lərdə Xaçmaz rayonundan Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş və polis əməkdaşına qarşı fiziki zor işlətdiyi üçün YAP sıralarından kənarlaşdırılmış, millət vəkili toxunulmazlığı ləğv edilmiş Eldəniz Səlimovun AMEA prezidenti, akademik Ramiz Mehdiyevlə guya yaxın münasibətlərdə olduğuna, onun tərəfindən dəstəkləndiyinə dair həqiqəti əks etdirməyən məlumatlar dərc olunmuşdur. İctimaiyyətin diqqətinə çatdırırıq ki, deputat Eldəniz Səlimovun akademik Ramiz Mehdiyevlə heç bir bağlılığı yoxdur və bu şəxsin AMEA prezidentinin dəstəyilə deputat mandatı alması haqqındakı fikirlər tamamilə absurddur. Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının xəttilə 2015 və 2020-ci illərdə parlament seçkilərinin nəticələrinə əsasən Azərbaycan Milli Məclisinin deputatı olmuşdur. Görünən odur ki, bəzi maraqlı dairələr gündəmi dəyişmək, sensasiya yaratmaq və diqqəti ölkənin taleyüklü məsələlərindən yayındırmaq üçün cəmiyyətdə baş verən bütün xoşagəlməz hadisələri hər vəchlə AMEA prezidentinin ayağına yazmağa, onunla bağlamağa cəhd göstərirlər. Ancaq belə niyyətlərin baş tutması qeyri-mümkündür. Çünki Azərbaycan ictimaiyyəti kimin kim olduğunu yaxşı bilir", - AMEA-nın açıqlamasında bildirilir.

Qeyd edək ki, E.Səlomovun məhz Ramiz Mehdiyevin siyahısı əsasında mandat əldə etdiyi və hətta akademikin nəvəsinin toyunda iştirak etdiyi iddia olunur./azpolitika.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26