Interposta.Info

Milli Məclis bu tarixdə polisi döyən deputatın məsələsinə baxacaq

Ölkə
 31-07-2021, 11:56     261

Avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçiriləcək.

Modern.az-ın məlumatına görə, komissiyada deputat Eldəniz Səlimovun məsələsi müzakirə ediləcək.

Müzakirələrdən sonra məsələ plenar iclasa tövsiyə olunacaq.

Avqustun 3-də isə Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisin Xaçmazdan seçilən deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ictimaiyyət arasında ciddi rezonans doğurub.

Hadisə barədə Daxili İşlər Nazirliyi (DİN) rəsmi açıqlama yayıb. Bildirilib ki, iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimov qohumuna məxsus iaşə obyektində sərxoş vəziyyətdə Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Fakt üzrə araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib.

Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, iyul ayının 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26