Interposta.Info

Tələbə Təhsil Krediti: müsbət tərəfləri və çatışmazlıqlar – Təhsil eksperti

Ölkə
 28-07-2021, 15:28     202

"Bütün hallarda güzəşt olunmalıdır. Qaydalarda müəyyən qədər dəyişikliklər etməyə, daha da sadələşdirmə aparmağa ehtiyac var”.

Bunu"İnterPosta" ya açıqlamasında təhsil ekspert Kamran Əsədov deyib. Kamran Əsədov bildirib ki, Təhsil Tələbə Kredit Fondunun yaradılması ölkədə təhsil haqqını ödəyə bilməyən ailələrə böyük dəstək olacaq:

"Nazirlər Kabineti tərəfindən təsdiq edilən siyahıya baxanda görürük ki, siyahıda mübahisəli məqamlar var. Birincisi, orada qeyd olunur ki, TTKF-dan iki kateqoriya istifadə eləmək hüququna malikdir - sosial və standart kreditlər. Tələbələr birinci tədris ilinin ilk semestrindən etibarən TTKF-in vəsaitindən istifadə edəcəklər. Amma burada istifadə eləmək hüququna malik insanların kateqoriyası çox dardır. Yəni orada qeyd edilir ki, sosialdan istifadə edən 3-cü dərəcəli əlilliyi olanlar. Biz bilirik ki, 1-ci və 2-ci qrup əlilliyi olanlar azaddırlar. 3-cü qrup əlilliyi olanlar təbii ki, müəyyən qədər çətinlik çəkirlər. Hesab edirəm ki, bu ciddi bir güzəştdir. Amma burada bir kateqoriya var, 1-ci və 2-ci qrup hər iki valideyn əlil olmalıdır. Əgər valideyinin biri əlil deyilsə, istifadə edə bilməyəcək. Yaşa görə əmək pensiyası və yaşa görə sosial müavinət alanların övladları da sosial TTKF-dan və qəbul olduqları vaxtdan etibarən istifadə edə biləcəklər. Bu, olduqca müsbət addımdır”.

Kamran Əsədov standart kreditlərin də verilməsinə aydınlıq gətirib:

"Burada çatışmazlıq ondan ibarətdir ki, ortaya ümumi müvəffəqiyyət göstəricisi qoyulub. Kimin ki ümumi müvəffəqiyyət göstəricisi 71 baldan yuxarıdırsa, onlar müraciət edə bilər. Bu, doğru yanaşma deyil. Məhdudiyyət qoymaq lazım deyil. Çünki insanların bu və ya digər səbəblərdən, bəlkə də özlərindən asılı olmayan səbəblərdən ümumi orta müvəffəqiyyət göstəricisi aşağı ola bilər. Deyirlər ki, standart kredit almaq üçün orta müvəffəqiyyət göstəriciniz 71 baldan yuxarı olmalıdır. Bundan aşağı olanlar müraciət edə bilməzlər. Və digər tərəfdən illik təhsil haqının 20%-ni ödəməlisiniz, qalan hissəsini kredit olaraq götürə bilərsiniz. Hesab edirəm ki, bu da bir az sosial yönlüdür, ən azından yaxşıdır”.



Təhsil eksperti bu kreditdən 2500-3000 min manat təhsil haqqı olanların yararlana biləcəyini diqqətə çatdırıb:

"Bu, bir az anlaşılandır. Düşünürəm ki, yüksək təhsil haqqı alanlar da bundan yararlanmalıdır. Ən vacib məqam kreditin geri qaytarılması müddətidir. Son müəddət 10 il göstərilib. Hesab edirəm ki, kreditin qaytarılma müddətinin 10 il olaraq göstərilməsi kifayət qədər yaxşı haldır. Ən azından bir az məsuliyyət olacaq. TTKF-ə görə, hər hansı bir güzəşt, zamin, hər hansı digər öhdəlik tələb olunmur. Ən yaxşı proseslərdən biri də kredit məbləğinin sığortalanmasıdır”.
Kamran Əsədov onu da əlavə edib ki, kredit əyani təhsil alan tələbələrə verilir:

"Qiyabi tələbələrə verilmir. Hesab edirəm ki, bu çatışmazlıqdır. Çünki qiyabi tələbələr də bundan yararlanmalıdır. Kredit ancaq Azərbaycan vətəndaşlarına veriləcək”.

Bahar Rüstəmli


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26