Interposta.Info

ÜST-ün Baş direktorunun pandemiya xəbərdarlığına həkimlərimizdən reaksiya

Ölkə
 13-07-2021, 14:47     526

"Azərbaycanda da epidemioloji vəziyyət ağırlaşır”.

Bunu "İnterPosta"-ya açıqlamasında professor Adil Qeybulla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesusun Cenevrədə keçirilən brifinqdə "pandemiya ilə əlaqəli epidemioloji vəziyyət ağırlaşır, ölüm də artır” fikirlərinə münasibət bildirərkən deyib. Professor bunun səbəbini insanların pandemiyanı tamam unutması ilə izah edib:



"Hamı karantini, pandemiyanı yaddan çıxarıb və sanki bu proses 10 il əvvəl olub. Biz pandemiyanın içərisindəyik, proses bitməyib, Dünya Səhiyyə Təşkilatı bununla bağlı raport verməyib, Hindistanda yaranan epidemioloji vəziyyəti izləməli və buna qarşı proflaktik tədbirlər görülməli idi. Sosial həyatın ayrı-ayrı sahələrində yumşalmaların gedəcəyi təqdirdə ciddi şəkildə karantin qaydalarının olmasını əhalinin nəzərinə çatdırmalıyıq. Ya əhaliyə izahat verən var, ya da bununla bağlı maarifləndirmə işi gedir, ya bu işin təşkilatı nüansları ortaya qoyulub, problem çox ciddidir”.

Tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə də artımdan narahatlığını dilə gətirib:



"ÜST məlumat verir ki, pandemiya ilə bağlı artım müşahidə edilir. Bu artımı mən bütün ölkələrə şamil etməzdim. Dünyanın bir çox ölkəsində COVİD-19 infeksiyasının "delta” və "delta+” ştammı yayılmağa başlayıb. Xüsusən də Rusiya kimi böyük ölkədə çox sürətlə yayılır və gündəlik ölüm sayı artır. Bundan başqa Braziliya və Avropanın bütün ölkələrində artım müşahidə edilir. Epidemioloji vəziyyət bu ölkələrdə sabit deyil, artıq çərçivədən çıxmaq üzrədir. Bir sıra Avropa ölkələrində bunun yayılması gözlənilir. Ümumiyyətlə, hesab edirəm ki, yay aylarında bu infeksiya artmağa doğru gedəcək. Turizm də infeksiyanın yayılmasında önəmli rol oynayacaq. Çünki bütün dünya ölkələrinin sərhədləri açıqdır. Azərbaycanda isə epidemioloji vəziyyət stabildir. Hələ ki, mənfi göstərişlər görmürəm, bundan sonra vəziyyətin necə olacağına dair əvvəlcədən proqnoz vermək çətindir”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirilən brifinqdə 10 həftəlik azalmadan sonra ölüm hallarının artdığını bildirib: "Pandemiya ilə əlaqəli epidemioloji vəziyyət ağırlaşır”, - deyə ÜST rəhbəri bildirib

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26