Interposta.Info

Azərbaycanın tanınmış alimi vəfat etdi

Ölkə
 12-06-2021, 21:49     440

Azərbaycanın tanınmış alimi, "Əməkdar müəllim" Əsgər İsayev uzun sürən ağır xəstəlikdən vəfat edib.

Əsgər İsayev 1935-ci ilin dekabrın 20-də Böyük Qara Kilsə rayonunun Saral kəndində anadan olub.

1942-ci ildə Saral kəndində orta məktəbin birinci sinfinə getmiş və 1952-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib.

O, 1952-ci Azərbaycan Politexnik İnstitutunun "İnşaat" fakültəsinə daxil olmuş və 1957-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək inşaatçı-mühəndis ixtisasına yiyələnib.

Ə.M.İsayev 1957–1959-cu illərdə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda konstruktor vəzifəsində işləyib.

1959-cu ilin aprel ayından 1975-ci ilə qədər öz əmək fəaliyyətini institutun elmi-tədqiqat şöbəsində kiçik elmi işçi, 1961-ci ilin sentyabrından həmin institutun "İnşaat konstruksiyaları" sonra isə "Dəmir-beton konstruksiyaları" kafedralarında baş müəllim vəzifəsində çalışıb.

1964-cü ildə materiallar müqaviməti ixtisası üzrə texniki elmlər namizədi elmi dərəcəsi adını alıb.

23 sentyabr 1983-cü ildə Moskva şəhərində Moskva İnşaat Mühəndisləri İnstitutunda elmi işini müvəffəqiyyətlə müdafiə edərək "deformasiya olunan bərk cisimlər mexanikası" üzrə texniki elmlər doktoru elmi dərəcəsini alıb.

Onun bütün elmi fəaliyyətləri nəzəri mexanika, materiallar müqaviməti, inşaat mexanikası və tətbiqi mexanika elmlərinin müxtəlif hissələrinə həsr olunub.

İsayev Əsgər 1 fevral 1967-ci ildə dosent, 27 aprel 1984-cü ildə isə "İnşaat mexanikası" kafedrası üzrə professor elmi adlarını alıb.

Professor Ə.M.İsayev 1976-cı ilin oktyabr ayından "İnşaat mexanikası" və "Nəzəri mexanika" kafedraları birləşənə qədər – 07.11.2012-ci ilə qədər "İnşaat mexanikası" kafedrasının müdiri vəzifəsində çalışıb.

Professor Ə.M.İsayevin elmi rəhbərliyi altında 23-dən çox aspirant müdafiə etmiş və onların bir hissəsi hal-hazırda İran İslam Respublikasında, Türkiyədə, İzraildə, Suriyada, Sudanda, Tunis Ərəb Respublikasında və Almaniyada müvəffəqiyyətlə öz ixtisasları üzrə çalışırlar.

1993-cü ildən 2000-ci ilə qədər Azərbaycan İnşaat Mühəndisləri Universitetində elm və texnika üzrə prorektor vəzifəsində çalışıb.

Ə.M.İsayev 1985-ci ildən başlayaraq müxtəlif illərdə respublikanın texniki ali məktəblərinin Müdafiə Şuralarında üzv, sədv müavini, sədr, Ali Attestasiya Komitəsində ekspert şurasının üzvü və apponent olub.

Professor Əsgər İsayev işlədiyi müddətdə Bakı Metropolitenində, SSRİ-nin Dəqiq Cihazlar Sənayesinin müxtəlif obyektlərində, Ukraynanın Qara Dəniz Birliyində təsərrüfat hesablı elmi-tədqiqat işləri aparmış, Odessa Gəmiçilik İnstitutunun Bakı filialında, "Təfəkkür" Universitetində müxtəlif illərdə pedaqoji fəaliyyətlə məşğul olub.

Professor Əsgər İsayevin 125-dən çox elmi məqalələri var, "daş konstruksiyalarına" və "inşaat mexanikasına" aid 3 dərslik, 20-dən çox elmi-metodiki göstəriş çap etdirib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi "Nəzəri və tətbiqi mexanika" jurnalının baş redaktoru, ASSR-inin Təhsil Nazirliyinin VEM şurasının "İnşaat" və "Mexanika" bölməsinin üzvü, AzMİU-nun metod şurasının və Tikintİ-İqtisad fakültəsinin elmi və metodiki şuralarının üzvüdür.

Professor Ə.M.İsayev tələbəlik illərindən başlayaraq indiki dövrə qədər bütün fəaliyyətini tikinti sahəsinin praktikasına, təhsilinə, elminə və bu sahənin bütün mərhələsində kadr hazırlığına həsr edib.

Professor Ə.M.İsayevin yetişdirdiyi inşaatçı kadrlar bu gün keçmiş SSRİ ərazisində, Amerika qitəsində və yaxın Şərq ölkələrində uğurla işləyirlər.

Əsgər İsayev 2006-cı ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əməkdar müəllim Fəxri adı almışdır. 2 övladı var.

Əsgər İsayev onu sevənlərin qəlbində daim yaşayacaq./azxeber.com

Allah rəhmət eləsin.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26