Interposta.Info

Uşaq Hüquqları Konvensiyası valideynləri bu hüququndan məhrum etmir - Birlik sədri (VİDEO)

Ölkə
 1-06-2021, 19:25     448

"Uşaqlarla bağlı məni ən çox narahat edən məsələlərdən biri də onların hüquqlarının məhz öz valideynləri tərəfindən pozulması, özlərini ən çox təhlükəsiz hiss etməli olduqları ailələrində və evlərində qorxaraq yaşamalarıdır”.

Bunu "İnterPosta"-ya açıqlamasında Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai 1 iyun Beynəlxalq Uşaq Günündən danışarkən deyib. Onun fikrincə, Uşaq Hüquqları Konvensiyası uşaqların əsas hüquqlarını təmin etsə də, o heç də valideynləri uşaqlar üçün nəyin yaxşı olduğuna qərar vermək hüququndan məhrum etmir:

"Əksinə Konvensiya valideynlərə uşaqları böyütmək və inkişaf etdirmək kimi ən əsas vəzifələrini yerinə yetirməyə çağırır. Ancaq təəssüf ki, hər valideyn bu məsuliyyəti dərk etmir. Beləliklə, uşaqların təməl hüquqları onların yaşadığı evdə də valideynləri tərəfindən pozulur. Yəni, uşaqlar hətta ailələrində belə fiziki, emosional istismara məruz qalır, onların hiss və düşüncələrinə, arzu və istəklərinə qarşı laqeydlik göstərilir, təhsil, fikir azadlığından məhrum edilir və s. Ən əsası uşaqların mənəvi ehtiyacları ödənilmir, sevgi və qayğıdan məhrum edilir. Ancaq heç kim uşaqlara qarşı məsuliyyətini onları incidərək həyata keçirə, onların qüruruna toxuna, onları təhqir edə bilməz. Belə olduğu halda, uşaqların arxasında dövlət var. Dövlət uşaqların zərər görməməsi üçün məsuliyyət daşıyır və bunun qarşısı almaq üçün hər cür tədbir görməlidir. Valideynlər də bunu hiss etməli və çəkinməlidir”.

Birlik sədri vurğulayıb ki, ilk növbədə, valideynin uşağa öz mülkü kimi yanaşmasını, onlarla istədiyi kimi davrana biləcəyi fikrini dəyişmək lazımdır:

"Həmçinin, uşaq hüquqları və onun müdafiəsi ilə bağlı hər bir detal həm uşaqlara, həm valideynlərə aşılanmalıdır. Uşaqlar, onların hüquqları pozulduğu, incidildiyi halda müraciət etməli olduqları ünvanları, qurumları bilməlidir. İstər valideyn, istər müəllim, istər sadəcə vətəndaş, istərsə də bir qurum olaraq, bu günün uşağını sabahın böyüyü, şəxsiyyət kimi və zədəsiz, travmasız yetişdirmək hər birimizin borcudur. Sabah üçün uşağın bu günündən vaz keçmək olmaz. Uşaq yetişdirməkdə kəsə yol yoxdur, onları sevməli, sayğı duymalı, dinləməliyik. Uşaqlar öz ehtiyaclarını, onları nəyin incitdiyini, nəyin xoş olduğunu çox gözəl şəkildə ifadə edə bilirlər. Uşaqlarla necə rəftar etməli olduğumuzu bilmək üçün elə onların özünü dinləmək kifayət edir. "Balaca şahzadə" əsərində deyildiyi kimi, yalnız uşaqlar nə istədiklərini bilirlər”.

Sevinc Fədai onu da bildirib ki, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə əliboş getməyib. Birlik uşaq günü münasibətilə elə bu mesajın verildiyi sosial çarx hazırlayıb.

Sosial çarx "Təmiz dünya"nın sığınacağında çəkilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26