İŞİD-in tərkibində vuruşmuş azərbaycanlı həbs edildi (VİDEO)
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici ölkələrin ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən Azərbaycan Respublikasının vətəndaşlarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində mübarizə tədbirlərini davam etdirir.
"İnterPosta"xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb.
Aparılan araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü Camalov Orxan Tofiq oğlunun 2014-cü ildə ölkə hüdudlarını tərk edərək İŞİD terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına daxil olması, həmin qanunsuz birləşmənin tərkibində fəaliyyət göstərməsinə dair əldə edilmiş məlumatlar əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Əvvəllər Orxan Camalov Zaqatala rayon sakini İlqar Mollaçiyevin rəhbəri olduğu "Meşə qardaşları” adlı qanunsuz silahlı birləşmənin üzvlərinin ölkə ərazisində terror-təxribat aktları törətmək niyyətlərinin qarşısının alınması məqsədilə aparılan əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvana baxış keçirilərkən əl qumbaraları və müxtəlif çaplı patronlar aşkarlandığına görə müvafiq cinayət işi üzrə məhkum olunub. Orxan Camalov azadlığa çıxdıqdan sonra "Hanzala” ləqəbli Şamil adlı şəxsin dəvəti və köməyi ilə 2014-cü ilin avqust ayında Türkiyə Respublikasına, oradan isə qanunsuz yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçərək həmin dövlətin Rakka şəhərinə gedib. Orxan Camalovun orada İŞİD terror təşkilatına tabe olan "Azəri camaatı” adlı qanunsuz silahlı birləşməyə qoşulmasına, həmin cinayətkar qrupun tərkibində təlimlərdə və silahlı münaqişələrdə iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı DTX-də başlanılan cinayət işi üzrə Orxan Camalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə məqsədilə yaradılmış qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
O, dindirilmə zamanı din adı altında aldadılaraq həmin bölgəyə getdiyini, orada baş verən hadisələrin dinin əsl mahiyyətinə zidd olduğunu və törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiyini bildirib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26