Interposta.Info

Bakıda yük kranının trosunun qırılması ilə bağlı cinayət işi açıldı

Ölkə
 26-04-2021, 19:17     393

Aprelin 26-da saat 16 radələrində paytaxtın Səbail rayonu ərazisində aparılan tikinti işləri zamanı 1 nəfər ustanın ölməsi, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Səbail rayon prokurorluğundan "İnterPosta"-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, "Kristal Abşeron" MTK-nın Səbail rayonu, Q.Abbasov küçəsi 32/34 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı qaldırıcı qurğunun yerə düşməsi nəticəsində 1984-cü il təvəllüdlü Nəriman Salahov vəfat etmiş, 1987-ci il təvəllüdlü Aruz Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26