Interposta.Info

Vətən müharibəsində söylədiyi şeirlə bir anda məşhurlaşan Murad (VİDEO)

Ölkə
 5-04-2021, 10:23     169

Vətən müharibəsinin ilk günlərində bir əsgərimiz məşhur türk şairi Mehmet Akif Ərsoyun şeirini söyləməklə bir andaca məşhurlaşmışdı.

Müharibə dövründə erməni mediasının Türkiyənin əsgəri kimi təqdim etdiyi o qəhrəmanımız Murad Hüseynov müharibənin sonuna qədər döyüşdü. Ermənilər hər kəsi inandırmağa çalışırdılar ki, Qarabağda döyüşən Türkiyə ordusunun əsgərlərinin görüntülərini tapıblar.

Görüntülərin qəhrəmanı olan Murad Hüseynov həm Aprel döyüşlərinin, həm də vətən müharibəsinin iştirakçısıdır. O, döyüş yolunu "XəzərXəbər"lə bölüşüb.

Hər kəs onu bu şeiri ilə tanıdı. Vətən müharibəsinin könüllü əsgəri Murad Hüseynov Türkiyənin "A Haber" kanalına verdiyi müsahibə zamanı söylədiyi misralarla minlərlə əsgərin ruh yüksəkliyinə səbəb olmuşdu.

Müharibə dövründə Muradın bu şeirini düşmən öz məqsədləri üçün istifadə etməyə çalışdı. Türkiyədən gələn əsgərlərin Qarabağda döyüşdüyünü əks etdirən kadrlar adı altında bu video bir anda bütün erməni teleqram kanallarında yayıldı.

Murad deyir ki, şeiri Aprel döyüşlərində olarkən əsgər yoldaşından öyrənib. Əslən Qərbi Azərbaycanın Amasiya mahalındandır. Uşaqlıqdan ədəbiyyata marağı olub, evlərində türk şair və yazıçılarının kitabları əskik olmayıb. Onun şeirini eşidən qardaşı Nicat da evdə dayana bilməyib.

Qardaşların hər ikisi 2016-cı il Aprel döyüşlərində də ön xətdə olublar. Hüseynov qardaşları vətən müharibəsində bir-birindən xəbərsiz cəbhənin müxtəlif istiqamətlərində ən gərgin döyüşlərdə olublar. Nicat Hüseynov Xüsusi təyinatlı kimi düşmənin qəniminə çevrilib.

Muradla Nicat müharibədən əvvəl tikintidə işləyiblər. Hər ikisi travma aldığından ağır işləri görə bilmirlər və işsiz qalıblar.

Hazırda onlar paytaxtın Bakıxanov qəsəbəsində kirayə qalırlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26