Interposta.Info

“Az Fish”in vəzifəli şəxslərinə cinayət işi AÇILDI

Ölkə
 30-03-2021, 11:45     470

Sərəkli kəndi ərazisində yerləşən gölün ətrafının “Az Fish” MMC tərəfindən balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hasarlanması, kənd sakinlərinin əraziyə buraxılmasının qadağan edilməsi və ərazidən pis qoxunun gəlməsinin yerli sakinlərin ciddi narazılığına səbəb olmasına dair KİV-də yayılmış videoreportaj və digər materiallar Baş Prokuror tərəfindən nəzarətə götürülüb.

Baş Prokurorluğun mətbuat xidmətindən "İnterPosta"ya verilən məlumata görə, fakt üzrə araşdırmanın aparılması Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə tapşırılıb:

“Aparılmış araşdırmalarla, “Az Fish” MMC-nin balıqçılıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası olmadan Xaçmaz rayonu, Sərəkli kəndi ərazisində icarə müqaviləsində nəzərdə tutulduğundan dəfələrlə artıq torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edərək hasarlamasına, bununla da Cəmiyyətin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Yoxlama zamanı toplanmış materiallarda torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma və vəzifə səlahiyyətlərindən sui istifadə ilə bağlı cinayətlərin əlamətləri müəyyən olunduğundan, fakta görə “Az Fish” MMC-nin vəzifəli şəxsləri barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayəti işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğunun İstintaq idarəsinə həvalə edilib.

İstintaqın gedişatı barədə ictimaiyyətin məlumatlandırıması təmin ediləcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26