Interposta.Info

YADDAŞ: Yaxın və uzaq tarixi faciələrimiz... - 24-25 mart

Ölkə
 25-03-2021, 11:37     475

"İnterPosta"Cəmil Məmmədlinin təqdimatında günün tarixi xronikasını təqdim edir:

24 mart 1918-ci il...
Şənbə günü Urmiyada xristianlarla müsəlmanlar arasında müharibə yenidən başlanır. Müsəlmanlar var qüvvələri ilə öz namuslarını qorumağa çalışırlar.

Müsəlman əhali xristianlar tərəfindən topa tutulur. Müsəlmanlar xristianların topa malik olduqlarında xəbərsiz idilər. Onlarda bir ruh düşkünlüyü yaranır.

Qaradağlı atlıların qaçması, qarnizonun ləğvi, şəhərin ermənilər tərəfindən topa tutulması müsəlmanların əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Müsəlmanlar assurilərin dini rəhbəri Marşimovun (müsəlmanlara qarşı müharibəni qızışdıranlardan biri o idi) qaldığı yerə gedərək qanlı döyüşlərə xitam verilməsini tələb edirlər.

Marşimov boş və yalançı vədlərlə onları yola salır. Həmin gün Urmiyada 1000-dən çox müsəlman qətlə yetirilir.

24 mart 1918-ci il...
"Nikolay Buniatov” gəmisinin komandirinin köməkçisi Kazım Axundova Bakının Çəmbərəkənd hissəsinin mühafizəsi üçün təyyarəçi Rozenblyumun başçılığı ilə 10 nəfər silahlı matros göndərilir. Onlar Nikolayev və digər küçələrdəki meyitləri toplamağa cəlb edilirlər.

24 mart 1919-cu il...
Gemanisdən irəliləyən erməni silahlı quldur birləşmələri Şeşikdağ Azərbaycan kəndinə basqın edir və yeni hakimiyyətin – kommunistlərin adından bütün kəndləri qırıb-çatır.

24 mart 1920-ci il...
Erməni quldurları "Daşnaksütyun” terror təşkilatının göstərişini yerinə yetirərək, Tərtər şəhəri yaxınlığındakı kəndlərə silahlı basqınlar edir və bununla da 23 noyabr 1919-cu il tarixli barışıq sazişini növbəti dəfə pozurlar. Azərbaycan qoşun hissələri və partizanlar əks-hücuma keçərək, itkilər hesabına olsa da, Marağalı kəndini ermənilərdən təmizləyir.

24 mart 1988-ci il...
Sovet İttifaqı KP MK və SSRİ Nazirlər Soveti Qarabağ probleminin ədalətli həllinə zidd olan və ikili standarta əsaslanan qərar ("1988-1995 illərdə Azərbaycan SSR DQMV-nin sosial-iqtisadi inkişafını gücləndirmək tədbirləri haqqında”) qəbul edir. Vilayətdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması məqsədi ilə 500 000 manat vəsait ayrılır.

24 mart 1988-ci il...
Azərbaycan SSR AS RH-nin qərarı ilə Birləşdirici Komitə (Xankəndi şəhəri İcraiyyə Komitəsi özünün 5 mart 1988-ci il tarixli qərarı ilə gizli işləyən "Krunk” təşkilatının rəsmi olaraq Dağlıq Qarabağ Ermənistana birləşdirici komitə kimi təsdiq etmişdi) rəsmən qadağan edilsə də, o öz fəaliyyətini dayandırmır, əksinə, açıq şəkildə davam etdirirdi.

24 mart 1990-cı il...
Erməni silahlı dəstələri Qazax rayonunun ermənilərlə həmsərhəd kəndlərinə hücum edirlər. Nəticədə rayonun Yuxarı Əskipara, Aşağı Əskipara, Məzəm, Daş Salahlı, Bağanis-Ayrım, Xeyrimli, Quşçu-Ayrım, Çaylı-Kommuna və sairə kəndlərində onlarla günahsız dinc sakin həlak olur və yaralanır.

24 mart 1990-cı il...
Bakı şəhərindən Bağanis-Ayrım kəndinə gedərkən Qazax rayonunun Çaylı kəndi sakinləri olan 3 nəfər mülki şəxs ermənilər tərəfindən qətlə yetirilir.

24 mart 1990-cı il...
Saat 7 radələrində Ermənistan SSR Novemberyan rayonu ərazisindən erməni millətindən olan yüzlərlə silahlı şəxs qəflətən Kəkil adlanan səmtdən və magistral yol boyunca 3 istiqamətdən Qazax rayonunun Bağanis Ayrım kəndinə güclü hücum edir.

100 evdən və 500 nəfər əhalidən ibarət olan Bağanis-Ayrım kəndi ermənilər tərəfindən yerlə-yeksan edilir.

Üçü qadın və biri körpə uşaq olmaqla 7 nəfər kənd sakini – 1915-ci il təvəllüdlü Dadaş Bayram oğlu Əsliyev, 1923-cü il təvəllüdlü Pakizə Qulu qızı Əsliyeva, 1959-cu il təvəllüdlü Havvaxanım Dadaş qızı Əsliyeva (Əsgərova), 1963-cü il təvəllüdlü Aliyə Dadaş qızı Adgözəlova, 1990-cı il təvəllüdlü Hafiz Ramiz oğlu Adgözəlov, 1942-ci il təvəllüdlü Alməmməd Gülməmməd oğlu Məhərrəmov, eləcə də 1965-ci il təvəllüdlü Məcid Oqtay oğlu Əhmədov ermənilərin müxtəlif tipli odlu silahlardan atdıqları atəşlər nəticəsində amansızcasına qətlə yetirilirlər.

Sonra ermənilər cəsədlər üzərinə benzin tökərək, onları yandırırlar.

Kəndin 438 nəfər dinc sakini – ahıllar, xəstələr, qadınlar, uşaqlar, körpələr vahiməyə düşərək canlarını qurtarmaq üçün kəndi tərk etməyə, qonşuluqdakı Quşçu Ayrım kəndi istiqamətinə tərəf qaçmağa məcbur olurlar. Basqınçı silahlı dəstənin başında "Xaç gəzdirənlər”in rəhbəri, Novemberyan rayonunun Bağanis kənd sakinləri, terrorçu Ohanes Davıdoviç Beqlaryan, onun qardaşı Samvel Davıdoviç Beqlaryan (1950) durur.

Müəyyən olunub ki, bu qətliamda onların həmkəndliləri:

Eqiş Alaverdiyeviç Alavediyan (1935),
Aqabek Vasilyeviç Saakyan (1927)
Seryoja Aqabekoviç Saakyan (1958)
Sevan Aşaturoviç Alaverdiyan (1953)
Vahan Sarkisoviç Akopyan (1959)
Mişa Asanoviç Aleksanyan (1960)
Sevan Seryojayeviç Alaverdiyan (1962)
Samvel Seryojayeviç Alaverdiyan (1966)
Lyova Arşakoviç Akopyan (1942)
Haik Qurgenoviç Akopyan,
Zalik Qaraginoviç Saakyan (1948)
Armen Şavarşoviç Qukasyan (1961)
Aram Şavarşoviç Qukasyan (1967)
Vahan Makaroviç Qukasyan (1936)
Həmin rayonun Voskevan kəndindən olan:
Jofet Xalatoviç Kazinyan (1941),
Servoj Santroyeviç Saakyan (1929),

Gücəvəng kəndindən olan – Revik Sumbatoviç Celiqaryan (1940) və digər şəxslər iştirak ediblər.

Beləliklə, Qazax rayonunun Bağanis Ayrım kəndi ermənilər tərəfindən işğal edilərək yerlə yeksan olunur.

5 nəfərlik bir ailə: - Dadaş Bayram oğlu Əsliyev və onun həyat yoldaşı Pakizə Qulu qızı Əsliyeva, qızları Həvvaxanım Əsgərova, Aliyə Dadaş qızı Adgözəlova, 2 aylıq nəvəsi Hafiz Ramiz oğlu Adgözəlov (o, cəmi 39 gün idi ki, dünyaya gəlmişdi) öz evlərində ermənilər tərəfindən diri-diri yandırılırlar.
Alməmməd Gülməmməd oğlu Məhərrəmov isə əl-ayağı bağlanaraq xüsusi amansızlıqla ot tayasında yandırılır. 19 mart 1962-ci il tarixində Qazax rayonunun Kommuna kəndində anadan olan Xaqani Şəmməddin oğlu Sanıyev, 1 yanvar 1961-ci il tarixində Qazax rayonunun Çaylı kəndində anadan olan Bəxtiyar Əziz oğlu Əmrahov, eləcə də onun qardaşı 29 avqust 1959-cu il tarixdə Qazax rayonunun Çaylı kəndində anadan olmuş Kamran Əziz oğlu Əmrahov girov götürülürlər. (Bəzi məlumatlara görə onların üçü də qətlə yetirilib.) Ənvər Əsgərov və 7 noyabr 1965-ci il tarixdə Ağstafa rayonunun Pirilli kəndində anadan olan kəndin növbətçi polisi Məcid Oqtay oğlu Əhmədov güllələnirlər.

Milis baş leytenantı, 1967-ci il təvəllüdlü Zirəddin Əhmədov və 1949-cu il təvəllüdlü Mülkədar İsrafil oğlu Adgözəlov ağır yaralanır.
Faciə zamanı 13 ev yandırılır, 12 ev isə qarət edilir.

Beləliklə, tariximizin qanlı səhifələrindən biri olan Bağanis–Ayrım faciəsi yaşanır. Erməni silahlılarının törətdikləri bu faciə əsl qətliam, soyqırım aktıdır.

24 mart 1990-cı il...
Erməni silahlı dəstələri Qazax rayonunun Bağanis-Ayrım kəndi ilə bərabər Pirili, Çaylı kəndlərinə də qəflətən hücum edirlər. Dinc sakinlər öldürülür, evlər yandırılaraq dağıdılır.

24 mart 1990-cı il...
Yaxşı süilahlanmış erməni quldur birləşmələri "Qrad” tipli kütləvi tələfat sistemli silahlardan atəş açaraq, Qazax rayonunun kəndlərinə hücum edirlər.
Mülki əhali arasında çox sayda ölən və yaralananlar olur.

24 mart 1990-cı il...
Qərcivan-Mincivan istiqamətində dəmir yolu ermənilər tərəfindən partladılır. Teplovoz və 3 vaqon sıradan çıxarılır. 150 metrdən çox dəmityolu xətti yararsız hala düşür. 100-dən çox sərnişin erməni girovuna çevrilir.

24 mart 1992-ci il ...
Erməni quldur dəstələri Füzuli rayonunun Divanalılar kəndini raket atəşinə tuturlar. Dinc əhali arasında ölən və yaralananlar olur.

24 mart 1992-ci il...
Ağdam rayonunun Şelli, Papravənd, Abdal, Gülablı, Əhmədavar, Əliağalı, Qalayçılar, Çuxurməhlə kəndləri, eləcə də ağdam şəhəri və rayonunun Mərzili kəndi ermənilər tərəfindən müxtəlif silahlardan atəşə tutulur. 3 nəfər yaralanır, çoxlu dağıntılar olur.

24 mart 1992-ci il...
Daşnaklar Şuşa şəhərinə həmlə edirlər. 2 nəfər itkin düşür. Az sonra ermənilər tərəfindən qətlə yetirilirlər.

24 mart 1993-cü il...
Zəngilan şəhəri ermənilər tərəfindən "Qrad” atəşinə tutulur. Zəngilan rayon elektrik şəbəkəsinin rəisi, 29 iyun 1949-cu il tarixdə Zəngilan rayonunda anadan olan Dadaş Muxtar oğlu Zeynalov və şəhər sakini Elman Quliyev həlak olurlar. Elektrik şəbəkəsinin Yaqub adlı sürücüsü ağır yaralanır.

24 mart 1993-cü il...
Ermənilər Cağazur sərhəd məntəqəsini qumbaraatanlardan və müxtəlif çaplı silahlardan atəşə tuturlar. 1 nəfər həlak olur...

25 mart...

25 mart 1455-ci il...
Bütün İtaliya dövlətləri 25 il müddətinə saziş bağlayaraq türklərə qarşı mübarizə aparacaqlarına söz verirlər.

25 mart 1918-ci il...
"Nikolay Buniatov” gəmisinin komandirinin köməkçisi Kazım Axundov tabeliyində olan matroslarla və bir gün əvvəl Bakının Çəmbərəkənd hissəsinin mühafizəsi məqsədilə ona verilən digər 10 nəfər silahlı matrosla Nikolayev küçəsindən başlayaraq müsəlman meyitlərinin yığışdırılması əməliyyatına başlayır.

Müsəlman meyitlərin arasında süngülərlə bədəni didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnaziyaçısının, 11 gimnaziyaçı qızın, 1 rus qadının, 4 yaşında 3 müsəlman uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadınının, 67 azərbaycanlı meyitləri vardı.

Bundan başqa "Vulkan” cəmiyyətinin köhnə yanalma körpüsünə müsəlman kişilərin, qadın və uşaqların meyitləri (ümumilikdə 6 748 cəsəd) gətirilmişdi.
K.Axundov öz tanışı, texnik Sokolovu "Kərpicxana” deyilən yerə aparır. Burada o 3 fotoşəkil çəkir. Birinci şəkildə başında güllə yarası, bədənində isə 5 süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir olunur. Onun sağ döşü üstündə hələ sağ olan körpə uzanıb. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası var...

İkinci şəkildə iri mismarla divara vurulmuş iki yaşlı uşaq təsvir edilib. Mismarın başından aydın görünür ki, onu divara daşla vurublar.

Üçüncü şəkildə alçaq erməni "kişiləri” tərəfindən zorlanmış 13 yaşlı biçarə müsəlman qızının meyiti görünür. Axundovla Sokolov bir evdə dəhşətli mənzərənin şahidi olurlar: otağın döşəməsi üstündə 22-23 yaşlı qadının, iki qarının, 9 yaşlı qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitləri vardı.

Körpənin əl-ayağını itlər gəmirib yemişlər. Təsvir olunan bu mənzərə Sokolova elə ağır təsir edir ki, o, daha fotoşəkil çəkə bilmir.

25 mart 1918-ci il...
Urmiyada 1000-dən artıq müsəlman – arvad, uşaq, körpə, qoca - ermənilər tərəfindən qətlə yetirilirlər.

25 mart 1920-ci il...
Erməni "Daşnaksütyun” təşkilatının yaraqlı quldur dəstələri Cəbrayıl və Ağdam şəhərlərinə və onlara qonşu kəndlərə qəflətən basqın edərək dinc əhaliyə qarşı qətliamlar törədirlər. Xıdırlı, Davalı, Dankeyrə və onlarla digər Qarabağ kəndləri yandırılır. Dinc əhali arasında çoxlu sayda tələfat olur. Sağ qalanlar qonşu kəndlərə qaçırlar.

25 mart 1938-ci il...
Azərbaycan SSR XDİK DT baş mayoru Rzayevin əmri ilə tərkibində azərbaycanlılar da olan 318 nəfər güllələnir.

25 mart 1988-ci il...
Ermənistanın Ararat rayonunun azərbaycanlılar yaşayan kəndlərində 100-dən çox ev ermənilər tərəfindən talan edilərək yandırılır, onların əhalisi dədə-baba torpaqlarından qovulur. Beləliklə, azərbaycanlılara qarşı tarixən dəfələrlə təkrar olunan erməni vəhşilikləri, soyqırımları yenidən başlayır...

25 mart 1988-ci il...
Vedibasarda el ağsaqqalı Seyid Ağabala ermənilər tərəfindən qətlə yetirilir.

25 mart 1992-ci il...
Ağdamla Əsgəran arasındakı post ermənilər tərəfindən dağıdılır, düşmən əks-hücumla geri oturdulur. Şelli, Qalayçılar, Əhmədavar, Çuxurməhlə, Abdal-Gülablı kəndləri atəşə tutulur. İtkilər və dağıntılar baş verir.

25 mart 1992-ci il...
Erməni quldur birləşmələri Tərtər, Goranboy, Zəngilan və Qubadlı rayonlarının kəndlərini müxtəlif silahlardan atəşə tuturlar. Dinc əhali arasında çox sayda ölənlər olur.

25 mart 2010-cu il...
27 nəfərdən ibarət konqresmenlər qrupu Frenk Pallone başda olmaqla Nümayəndələr Palatasına məktub göndərərək, 2011-ci ildə Dağlıq Qarabağa və Ermənistana maliyyə yardımının artırılmasını xahiş edirlər...

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26