Interposta.Info

Professordan koranavirusun Britaniya ştammı haqqında: Deyildiyi qədər təhlükəli deyil

Ölkə
 23-03-2021, 13:23     448

Tibb elmləri doktoru, professor Musa Qəniyev koronavirusun Britaniya ştammının mediada təqdim edildiyi qədər təhlükəli olmadığını deyir.

"İnterPosta"xəbər verir ki, professor COVID-19-un ən uzun RNT genomuna (30 mindən çox aminturşu) malik olması səbəbindən virusun sürətli mutasiyaya məruz qalmadığını deyib:

"Hər ay, onun sələfindən müəyyən genom fərqliliyi göstərən yalnız 2 ştammı əmələ gələ bilər. Hazırda bu cür ştammların sayı 30 olsa da, onların içərisində xüsusi maraq doğuranı 3 mutant ştammdır:

1. VOC202012/01 - Britaniya ştammı (hazırda dünyanın 106 ölkəsinə yayılıb)

2. 501.Y. Cənubi Afrikada - CAR-da tapılıb (hazırda dünyanın 56 ölkəsinə yayılıb)

3. p.1 ştammı ilk dəfə Brazilya və Yaponyada tapılıb (hazırda dünyanın 29 ölkəsinə yayılıb)

COVID-19-un 100-lərlə mutantının olması və ya yaranacağı haqqında söylənilənlər isə ilkin olaraq Çinin Uhan şəhərində tapılan ştammdan nöqtə mutasiyası nəticəsində əmələ gələn və praktik olaraq ondan fərqlənməyən serotiplərdir.

Yuxarıda söylədiyim 3 mutant ştammdan daha çox qorxulu olanının Britaniya ştammı olduğu bildirilir. Hazırda Avropa Birliyi ölkələrində bu ştamm bütün digər ştammları üstəliyərək, ön sıraya çıxıb. AB ölkələrində 60-80 min insanın bu ştamma yoluxduğu bildirilir.

Xatırlatmaq istəyirəm ki, ciddi genom fərqliliyi olan bütün mutant ştammlar, o cümlədən Britaniya ştammı da məlum sələfindən bir və ya bir neçə farmakoloji xüsusiyyəti və ya klinik əlamətinə görə fərqlənə bilər. Məsələn, RO indeksi kəskin yüksək ola bilər, törətdiyi klinik əlamətlərdən biri daha qabarıq şəkildə özünü göstərər, daha uzun müddət davam edə və daha üzücü gedişli ola bilər. Lakin letallıq əmsalı heç bir halda xələfindən "mütləq yüksək” ola bilməz. Çünki bütün mutasiyalar virusun orqanizmlə simbioz yaşamasına xidmət edir. Kəskin genom fərqliliyi göstərən "aqressiv” mutantın əmələ gəlməsinə isə ən azı 8-10 il vaxt lazımdır. Düzdür, burada müəyyən istisnalar da vard ki, o da insanları qorxutmamalıdır. Bu mənada həmvətənimiz, hazırda Almaniyada yaşayan, vətənsevər alimimiz Nuran Abdullayev çox incə məqamlara toxunub. O, xəbərdarlıq edir ki, Britaniya ştammının yoluxdurma risqi 1/3, letallıq əmsalı isə 1,5/3 nisbətində ilkin serotipdən yüksəkdir. Diqqət edin, alim konkret olaraq tədqiqatın aparıldığı yerin Britaniya və mənbənin də Krallığın dünyada öncül olan nüfuzlu tibb jurnalı olduğunu göstərir. Bu ştammın digər ölkələrə yayıldığı təqdirdə RO indeksi və ya letallıq əmsalının saxlanacağı haqqında heç bir fikir bildirmir. Sadəcə həm alim, həm də vətənsevər bir insan kimi bizləri xəbərdar edir, perventiv tədbirlərin görülməsi və elmi tədqiqatların aparılmasının zərurət olduğunu bildirir…

Alimin sözlərinə görə, istənilən infeksiya və xəstəliyə yoluxma, dərman müdaxiləsi və orqanizmin bu müdaxiləyə cavab reaksiyasında cinsi, irqi, etnik, milli, coğrafi-ərazi və ekvator xəttinə münasibətdə çox ciddi fərqliliklər mövcuddur (ümumi müalicə protokollarının bütün ölkələrdə gözlənilən effekti verməməsi də bununla əlaqədardır). Yəni bunlar, Qərb ölkələrilə Şərq ölkələrində və ya Şimal qonşu dövlətlər ilə ekvatora yaxın ölkələrdə heç vaxt eyni şəkildə ola bilməz. Bu fərqlilik, xüsusən 11 iqlim qurşağına münasibətdə daha qabarıq şəkildə özünü göstərir. Söylədiklərimi Şərqi Avropa ölkələrindən Avstraliya və Hollandiyada aparılan son klinik tədqiqatlar birbaşa təsdiq edir. Bu tədqiqatlar sübut edir ki, son bir ildə COVID-19-dan ölüm faizi, Şərqi Avropa ilə müqayisədə, Qərbi Avropada 9,92 dəfə çox olmuş, xəstəliyin gedişi isə daha uzunmüddətli və üzücü olub. Məlumdur ki, Böyük Britaniya Şimali-Qərbi Avropada yerləşir və iqlim şərairi viral infeksiyalar üçün əlverişlidir. Müqayisəli təhlil göstərir ki, Britaniya ştammının RO indeksi və letallıq göstəricisi yalnız yaxın qonşularını əhatə etməklə, lokal xarakter daşımalıdır”.

Musa Qəniyev hesab edir ki, COVID-19-un geniş yayılmasına xidmət edən əksər faktorlar Azərbaycana yaddır:

"Hazırda bu infeksiyanın nisbi artımı isə yalnız və yalnız tələb olunan gigienik vərdişlərə əməl olunmaması, xüsusən görüşərkən anormal ünsiyyət vasitəsi olan öpüşməyin yenidən dəbə düşməsidir. Elementar gigienik tələblərə əməl olunmadığını görmək istəyirsizsə, şəhərimizin mərkəzdən bir az kənar olan yerlərinə, xüsusən kafe, restoran və kababxanalara gedin və ya ictimai nəqliyyatdakı mövcud vəziyyətə fikir verin. Halbuki, mart ayının, xüsusən virus infeksiyasının nisbi artım dövrü olduğunu hamı çox yaxşı bilir. Odur ki, bu ayda gigienik qaydalara daha ciddi əməl olunmalı, kollektiv toplantılardan mütləq mənada çəkinmək lazımdır. Təəssüf ki, biz bunun ancaq əksini görürük.

Unutmayın ki, COVID-19-dan qorunma nə tibbin, nə Səhiyyə Nazirliyinin, nə TƏBİB-in, nə də həkimlərin əlindədir. O, yalnız sizin öz əlinizdədir. Bunun üçün isə heç bir şey yox, yalnız adi gigienik vərdişlərə dönmədən əməl etmək lazımdır”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26