Interposta.Info

Lotu Qulinin qardaşı qanlı qarşıdurmanın qarşısını aldı - VİDEO

Ölkə
 17-09-2020, 17:36     844

Türkiyədə qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) klanına daxil olan Mahare Qvaramiya (Maçi) və Merab Mzarelua (Duyake) arasında barışıq əldə olunub.

Tərəflərin konfliktə son qoymasına səbəb məsələyə Lotu Qulinin qardaşı, “qanuni oğru” Namiq Səlifovun (Namiq Bakinski) müdaxiləsi olub.

2013-cü ildə kriminal dünyanın ali tituluna layiq görülən Namiq Bakinski mərhum qardaşı qədər nüfuzlu olmasa da, Lotu Qulinin varisi hesab edilir. Məlumatlara görə, Namiq Səlifov konfliktlərdən uzaq şəxsdir. O, adətən problemləri sülh yolu ilə həll etməyi sevir. Namiq Bakinski həm də “quluçuları” Türkiyəyə toplayaraq orada böyük gücə çevirən şəxs kimi tanınır. O bu işləri görəndə Lotu Quli həbsxanada cəza çəkirdi.

Bildirilir ki, Maçi ilə Duyake arasında baş qaldıran ziddiyyətlərdən xəbər tutan Namiq Bakinski onları görüşə çağırıb və barışdırıb. Tərəflərin Lotu Qulinin varisini dinləmələri və onun sözündən çıxmamaları Namiq Bakinskinin kriminal dünyada söz sahibi olmasının qəbul edilməsi kimi dəyərləndirlir. Bəzi iddialara görə, konflikt elə bu məqsədlə, süni şəkildə yaradılıb. Lakin bu iddialar inandırıcı görünmür. Çünki belə bir addım oğru qaydalarına ziddir və bu, tərəflərin kriminal dünyadan çıxdaş olunması ilə nəticələnə bilər.

Mahare Qvaramiya ilə Merab Mzarelua arasındakı konfliktə gəlincə, bildirilir ki, Lotu Quli dünyasını dəyişdikdən sonra minqrel kriminal qruplaşmasının ağsaqqalı 63 yaşlı Duyake özünün müstəqil klanını yaratmaq qərarına gəlib. Bu məsələdə Maçinin ciddi maneə ola biləcəyini düşünən Merab Mzarelua onu neytrallaşdırmaq üçün əlində olan kompramatdan yararlanıb. O, 6 il əvvəl Mahare Qvaramiyanın “qanuni oğru” Kaxa Makalatiyanı söydüyünü iddia edib. Maçi məsələni aydınlaşdırmaq üçün Duyake ilə görüşüb. Niki Qaqrinski, Timur və başqa qanuni oğruların iştirak etdiyi məclisdə Maçi Duyakedən dediklərinin isbat etməyi tələb edib. Mzarelua hadisənin şahidlərinin olduğunu desə də, Maçi onu yalançı adlandırıb. Duyake də öz növbəsində Maçini “qanuni oğru” kimi tanımadığını bəyan edib. Qarşı tərəfin buna cavab sərt olub. Maçi dərhal ayağa duraraq Duyakeyə zərbə endirib. Bir neçə gün sonra isə Duyakenin qanuni oğru titulundan məhrum edildiyi barədə məlumat yayılıb.

Namik Bakinskinin onları barışdırması hər iki şəxsin “qanuni oğru” kimi qəbul edilməsini göstərir. Əks təqdirdə Lotu Qulinin qardaşı məsələni barışıq yolu ilə həll etməzdi. Bu həm də kriminal dünyada gözlənilən qanlı qarşıdurmanın qarşısının alınması baxımından ciddi addım hesab edilir./yenisabah.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26