Interposta.Info

“Döyüş texnikalarımız təlimlərdə yer alarkən düşmən ciddi narahat olur”

Ölkə
 7-09-2020, 18:08     665

"Əsgər və zabit heyətimiz döyüş əməliyyatlarına hazırdır. Bu gün hamımız Ali Baş Komandanın əmrini gözləyirik”.

Bunu "MediaPost”a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, hər an döyüşlərə hazır olan hərbçilərimizin peşəkarlığının artırılmasında, döyüş qabiliyyətinin yüksəldilməsində, müasir silahların sınaqdan keçirilməsində tez-tez keçirilən hərbi təlimlərin mühüm əhəmiyyəti var:

"Artıq ənənə şəklini alan bu təlimləri əvvəllər nadir hallarda görürdük. Təlimlər keçirilsə də, bu, genişmiqyaslı olmurdu. Mən əvvəllər nazir və yüksək rütbəli zabitlərin tez-tez cəbhə bölgəsinə getdiyini və şəxsi heyətlə maraqlandığını xatırlamıram. Lakin hazırda Müdafiə naziri general-polkovnik Zakir Həsənov illik plana uyğun olaraq, genişmiqyaslı təlimlər keçirməklə Ermənistana və onları himayə edənlərə ciddi mesaj verir. Arsenalımızda olan döyüş texnikaları təlimlərdə yer alarkən düşmən tərəfi bundan ciddi narahat olur”.

Deputatın fikrincə, ordumuzun şəxsi heyəti müxtəlif şəraitdə verilən döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirərək təcrübələrini genişləndirirlər:

"Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı və Müdafiə Nazirliyinin rəhbərliyinin səyləri nəticəsində hərbçilərimizin döyüş qabiliyyətinin yüksəldilməsinə və peşəkarlığının artırılmasına çalışılır. Ona görə mütəmadi olaraq, böyük əhəmiyyətə malik hərbi təlimlər keçirilir. Hazırda ordumuzun şəxsi heyətini dünyanın ayrı-ayrı ölkələrindəki ali hərbi məktəblərdə təhsil alan savadlı, döyüş ruhu yüksək olan hərbi qulluqçular təşkil edir. Müxtəlif ölkələrdə kurslar keçən hərbi qulluqçularımız təcrübələrini artıraraq, təlimlərdə yüksək peşəkarlıq göstərirlər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26