Interposta.Info

Parlamentin qarşısında hüquqazidd əməllər törədənlər saxlanıldı, cinayət işi başlanıldı

Ölkə
 15-07-2020, 12:40     155

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ötən gün Bakıda Milli Məclisin binası qarşısında baş verənlərlə bağlı məlumat yayıb.

"İnterPosta"ya daxil olan birgə məlumatda qeyd olunur ki, cari il iyul ayının 14-dən 15-nə keçən gecə, paytaxtın bəzi sakinləri, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən hərbi əməliyyatlara dəstək və respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanı qarşısında toplaşmışlar.

Sonradan həmin yerə gələn bir qrup şəxs vətəndaşlar arasında çaşqınlıq yaratmağa, ictimai qaydanı pozmağa cəhd etmiş, asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmamış, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərmişlər. Nəticədə 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınmış, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulmuşdur.

Dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilmişdir.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. Hüquqazidd əməllərin iştirakçılarından bəziləri saxlanılmışdır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi düşmənlə təmas xəttində ağır döyüşlərin getdiyi mövcud həssas dönəmdə ölkənin paytaxtında, digər şəhər və rayonlarında hər hansı kütləvi toplantının keçirilməsinin yolverilməzliyini xüsusi qeyd edir, vətəndaşları bu cür hərəkətlərdən çəkinməyə, təmkinli olmağa, dövlətçilik maraqlarını üstün tutmağa, təxribatlara uymamağa çağırır.

İnterPostsa.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26