Interposta.Info

Biləsuvarın millət vəkili həbs edilən başçıdan nələr dedi?

Ölkə
 29-04-2020, 19:05     964

Xəbər verdiyimiz kimi, bu gün Biləsuvar rayonunun icra başçısı karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyini mənimsədiyi üçün həbs edilib.

"İnterPosta"nən məlumatına görə, məsələ ilə bağlı Biləsuvar rayonunun millət vəkili Bəhruz Məhhərəmovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Bu gün sizin təmsil olunduğunuz rayonun icra başçısının həbs edilməsi barədə məlumat yayıldı. Hadisənin təfərrüatı sizə məlumdurmu?

- Mən qanunverici hakimiyyətin nümayəndəsiyəm və proseslərlə bağlı bizə hələlik İcra Hakimiyyətindən bir məlumat verilməyib. Yalnız mətbuatdan oxuduğum məlumatlara malikəm. Məsələnin detalları ilə bağlı aidiyyəti orqanlardan cavab gözləyirəm.

- Millət vəkili Fazil Mustafa mediaya açıqlamasında bildirdi ki, siz bir müddət əvvəl DTX-nın Biləsuvara da gələ biləcəyi haqda fikir bildirmisiniz. Belə çıxır ki, başçının əməlləri barədə sakinlərdən sizə kifayət qədər şikayətlər daxil olurdu...

- Hər bir bölgədə narazı qalan insanlar var, eləcə də Biləsuvarda. Bizə də aidiyyəti formada şikayətlər gəlirdi, dövlət orqanlarına da, həmçinin İcra Hakimiyyətinin özünə də bu şikayətlər mütəmadi daxil olub. Təbii ki, mən digər qurumların işinə qarışa bilmərəm. Amma mənə gələn şikayətləri müvafiq orqanlara yönəltmişəm. Bundan sonra da işimizi şəffaf şəkildə davam etdirəcəyik.

- İcra başçısı ilə bağlı şikayətlər olanda məsələnin həlli üçün hansı tədbirlər görürdünüz?

- Mənə daxil olan şikayətlərlə bağlı aidiyyəti strukturlarla həmişə danışıq aparmışam. Amma İcra Hakimiyyəti ilə bağlı şikayət olanda daha yuxarı, aidiyyəti orqanla mütəmadi məlumat vermişəm. Bunu tək mən yox, bütün deputatlar edir. Bizim işimiz ondan ibarətdir ki, bizə daxil olan müraciəti aidiyyəti üzrə çatdırıb, araşdırılmasına kömək edək.

- Mahir Quliyevlə münasibətlərimiz necə idi?

- İcra başçısı ilə yalnız işgüzar münasibətlərimiz var idi. Sonuncu dəfə 4-5 gün əvvəl danışmışıq və normal ünsiyyətimiz olub. Deputat seçildikdən sonra təxminən 3-4 dəfə görüşmüşük, həm də telefonla danışmışıq. Hər bir deputatın icra başçısı ilə münasibəti necə olmalıdırsa, elə olub. Yeni seçildiyim üçün onunla təzə tanış idik.

Qeyd edək ki, DTX-nın Biləsuvar rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, Mərkəzi Xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələri Kombinatının direktoru Xalidə Ağayeva, Biləsuvar Məşğulluq Xidmətinin rəisi Mübariz Mustafayev, şəhər icra nümayəndəsi Qabil Xammədov saxlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26