Interposta.Info

Azərbaycanda daha bir müəssisə maska istehsalına başladı

Ölkə
 14-04-2020, 10:51     340

Sumqayıtda yerləşən "Gilan Tekstil Parkı” MMC qoruyucu kombinezonların istehsalına başlayıb. Növbəti həftədən isə tibbi maskaların istehsalına da start veriləcək.

"Gilan Tekstil Parkı” MMC-dən bildirilib ki, yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq məqsədilə müəssisənin profilinin genişləndirilməsi üçün hazırlıq işləri aparılıb, qıza müddətdə maddi-texniki bazanın uyğunluğu, müvafiq xammalın təminatı məsələləri həll olunub.

Fasiləsiz iş rejimində çalışan "Gilan Tekstil Parkı”nda yaradılan şərait nəticəsində həftəlik 30 min qoruyucu kombinezon və minimum 1 milyon ədəd tibbi maska istehsal ediləcək.

Burada istehsal olunan Tyvek®Klassik modelli qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli maddələrdən və ya həssaslıq yarada bilən məhsullardan, proseslərdən qorumaq üçün nəzərdə tutulur.

Tibbi maskaların istehsalı isə üçqatlı texnologiya ilə həyata keçiriləcək. Nəticədə havada olan müxtəlif kateqoriyalı və fərqli ölçülərdəki virusları, infeksiyaları, o cümlədən tozu və digər çirkli hissəcikləri maskanın istehsalında istifadə olunan xüsusi materiallar üçqat birləşərək filtr edir və insan sağlamlığına ziyan vura biləcək elementləri maskada saxlayır.

İndiyə qədər daxili bazarda qoruyucu kombinezon və tibbi maskalara olan tələbat idxalın hesabına ödənilirdisə, dünyada COVID-19 pandemiyası ilə əlaqədar tələbatın dəfələrlə artması səbəbindən xaricdə məhsulların böyük qıtlığı yaranıb. Nəticə etibarilə həmin məhsullara olan ehtiyacın yerli istehsal hesabına ödənilməsi zərurətə çevrilib. İstehsal üçün tələb olunan xüsusi xammal və müasir avadanlıq Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarının dəstəyi ilə qısa müddətdə müəssisəyə gətirilib və istehsal xətti istifadəyə verilmək üzrədir.

Qeyd edək ki, koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işləri daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev əhalinin sağlamlığının qorunması məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşır. Bu il aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı, həmin mərasimdə dövlətimizin başçısının söylədiyi dəyərli fikirlər bunun bariz nümunəsidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26