Interposta.Info

Viskidən zəhərlənib ölənlərlə bağlı 2 restoran müdiri həbs olundu

Ölkə
 27-12-2019, 08:58     760

Araq və viski qalıqları olan plastmas qablar, çoxsaylı araq və viski şüşələrinin qapaqları maddi sübut kimi götürülüb; həbs edilənlərin sayı artacaq
Xəbər verdiyimiz kimi, Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin rəisi, 32 yaşlı Sərxan Bayramov dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib. İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər. Sonra onlar Tiflis prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər. Burada S.Bayramov və dostu Cəlal Həmzəyev özlərini pis hiss ediblər və zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər: Sərxan Bayramov Kliniki Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinik xəstəxanasına.

Sərxan Bayramov vəfat edib, əməliyyatçının dostu C.Həmzəyevin vəziyyəti ağırdır, hər iki gözü kor olub. Əldə edilən məlumatlara görə, gənclər viski içiblər və yeraltı sexlərdə sənaye spirtindən hazırlanan bu içkidən zəhərlənmə ehtimalı yüksəkdir.


Sərxan Bayramov

“Bundan əvvəl də Azərbaycandan Gürcüstana çoxlu miqdarda ucuz viski daşınması faktları ortaya çıxıb. Hər kəs yüksək keyfiyyətli viskinin baha olduğunu, ucuz alkoqolun adətən gizli sexlərdə istehsal olunduğunu bilir”, - polisdən verilən açıqlamada bildirilirdi.

Qeyd edək ki, bu yaxınlarda mərhum S.Bayramovun ilk övladı dünyaya gəlib.

Dekabrın 24-də axşam saatlarında texniki spirtdən zəhərləndiyi iddia edilən başqa bir şəxsin cəsədi Səbayel rayonu ərazisindəki morqa çatdırılıb. Meyitin 1995-ci il təvəllüdlü Mustafayev Mustafa Teymur oğluna məxsus olduğu ortaya çıxıb. M.Mustafayevin vəziyyəti Səbayel rayonundakı restorana baş çəkdikdən sonra pisləşib. O, Toksikoloji Mərkəzə aparılıb və bir müddət sonra orada ölüb.

Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən daxil olan birgə məlumata görə, Bakı şəhər sakinləri Sərxan Bayramovun dekabrın 23-də, Mustafa Mustafayevin isə dekabrın 24-də "zəhərlənmə" diaqnozu ilə xəstəxanaya daxil olaraq vəfat etmələri, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin isə zəhərlənərək xəsarət almaları faktları ilə bağlı cinayət işi açılıb.

Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 213-1.1(aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla iş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.

Rəsmi məlumata görə, aparılmış istintaqla zəhərlənərək vəfat etmiş Sərxan Bayramovun, zəhərlənərək xəsarət almış Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin paytaxtın Nəsimi rayonu, Tiflis prospektində yerləşən "Baku City" restoranında, vəfat etmiş Mustafa Mustafayevin isə paytaxtın Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 251 ünvanında yerləşən "Everest" restoranında qəbul etdiyi və zəhərlənmələrinə səbəb olmuş "Chivas Regal 12" markalı spirtli içkiləri "Baku City" restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə "Everest" restoranına Xəyal Cəfərovun ucuz qiymətə satmasına əsaslı şübhələr müəyyən edilib: “İstintaq zamanı X.Cəfərovun spirtli içkiləri hazırladığı və icarəyə götürdüyü paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən iki mərtəbəli evə baxış keçirilən zaman, orada 2 ədəd ”Chivas Regal 12" adlı boş viski şüşəsi, 9 ədəd satış üçün nəzərdə tutulmuş qaydada qablaşdırılmış halda “Kremlevskie Kuranti Premium” araqlarının boş şüşələri, 8 ədəd araq və viski spirtli içkilərinin qarışdırılmaqla hazırlanması və sonradan ayrı-ayrı boş şüşələrə doldurulması üçün istifadə edilmiş 5 litr həcmli içərisində araq və viski qalıqları olan plastmas qablar, çoxsaylı araq və viski spirtli içki şüşələrinin qapaqları, şüşələrin üzərinə vurulan qapaq və etiketlərin bərkidilməsi üçün istifadə edilmiş 4 ədəd hava fen və digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb".

Bundan başqa, X.Cəfərovun istehsal etdiyi spirtli içkilərin boş şüşə və qapaqlarını aldığı Səxavəddin Həsənova məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbara baxış zamanı orada “Chivas Regal 12", ”Chivas Regal 18", “Chivas Regal 21", ”Jameson", “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli içkilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub.

“Götürülmüş içki və qidalardan müvafiq nümunələr Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunmuş, həmçinin spirtli içkilərin keyfiyyətinin müəyyən edilməsi üçün məhkəmə fiziki-kimyəvi, içkilər üzərindəki aksiz markalarının saxta olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə sənədlərin-texniki ekspertizası, eləcə də məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işi üzrə Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1 və 314.2-ci, Xəyal Cəfərov isə həmin məcəllənin 200.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Bakı Şəhər Prokurorluğunun 498-10-54 nömrəli telefon və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək", - deyə məlumatda bildirilib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26