Interposta.Info

Azərbaycan Prezidenti: “Dövlət Neft Fondunun idarəetmədən əldə edilən gəlirləri artır”

Ölkə
 29-11-2019, 17:23     304

“Mən çox şadam ki, Fondun idarəetmədən əldə edilən gəlirləri artır. Bu, çox yaxşı göstəricidir. Bu il, - hələ il başa çatmayıb, - Dövlət Neft Fondunun gəlirləri 4 milyard dollardan çox artıb. Bunun 1,8 milyard dolları məhz idarəetmədən əldə edilmiş gəlirlərdir. Yəni, bu, böyük vəsaitdir”.

"İnterPosta.info"nun xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Azərbaycan Prezidenti bildirib ki, Fondun düzgün siyasəti və vəsaitin düzgün yerləşdirilməsi belə imkanlar yaradır.

“Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq. Hazırda bizim strateji valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Bu, rekorddur, tarixi göstəricidir. Bu, göstərici məhz ona görə önəmlidir ki, o, bizim ümumi daxili məhsulumuzdan da çoxdur. Belə hallar indi çox nadir ölkələrdə müşahidə olunur. Eyni zamanda, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və biz bu göstəriciyə görə dünyada doqquzuncu yerdəyik. Biz gələn ilin büdcəsində neftin qiymətini 55 dollar səviyyəsində nəzərdə tuturuq. Bu da çox mühafizəkar yanaşmadır. Hazırda “Azeri Light” neftinin qiyməti 70 dollara yaxınlaşır, biz 55 götürürük. Çünki daha çox pul yığılsın. Məsələn, biz 65 götürsək, onda bu pul transfer şəklində büdcəyə gələcək və xərclənəcək. Ehtiyac yoxdur. İndi biz şəffaflıq, dürüstlük, islahatlar nəticəsində büdcəmizi digər sahələr vasitəsilə təmin edirik. Vergi və gömrük orqanları on ay ərzində 850 milyon manat əlavə vəsait toplayıblar. İlin sonuna qədər vaxt var, bu, artacaq. Ona görə biz Neft Fondunun gəlirlərinə qənaət etməliyik. Yəni, bir sözlə, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də çox düzgün yanaşma, düşünülmüş siyasət və xalqın maraqlarına uyğun atılan addımlar, bax, bu gözəl nəticəni əldə etməyə imkan verdi”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26