Interposta.Info

Kəlbəcərli girovların işi Avropa Məhkəməsində

Ölkə
 5-11-2019, 08:53     10 253

Hökumət rəsmisi: “Bu, sonuncu mərhələdir”

“Azərbaycanın Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mövqeyi Avropa Məhkəməsinə təqdim edilib. Azərbaycan bu məsələ ilə bağlı dünyanın aparıcı hüquqşünasları ilə müqavilə imzalayıb”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Azərbaycanın mövqeyi Avropa Məhkəməsinə təqdim olunub: “Bu, sonuncu mərhələdir. Bundan sonra Avropa Məhkəməsi artıq dinləmə tarixini müəyyən etməli və dinləmə keçirilməlidir. Çox güman ki, dinləmə gələn il baş tuta bilər. Azərbaycanlı girovların azadlığa buraxılması Avropa Şurası Nazirlər Komitəsinin səlahiyyətidir. Avropa Məhkəməsinin qərarında bu iki şəxsin hüquqlarının pozulması müəyyən ediləcək. Bundan sonra Ermənistan bu qərarı icra etmək məcburiyyətində olacaq. Buna nəzarət isə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən həyata keçirilir. Nəticə isə Nazirlər Komitəsinin öz gücünü nümayiş etdirməkdən asılıdır”.

Ç.Əsgərov bildirib ki, Ermənistan qəbul olunan qərarı icra etməyə bilər: “Bu məsələ ilə bağlı Avropa Şurasının müvafiq mexanizmləri var, əgər Ermənistan qəbul olunan qərarı icra etməzsə, biz bununla bağlı məsələ qaldıracağıq. Biz də bu mexanizmlərdən istifadə edəcəyik və mütəmadi məsələni qaldıracağıq ki, Ermənistan qərarları icra etsin”.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə “Yeni Müsavat”a bildirdi ki, prosesin uzanmasından narahatdır. Çünki Avropa Məhkəməsinə dəfələrlə müraciət edilib, bununla bağlı iş icraata götürülsə də, dəyişiklik baş verməyib: “Əslində ümid edirdim ki, atam Dilqəm Əsgərovla Şahbaz Quliyevin işinə qısa müddətdə baxılacaq, ancaq baş verənlər məni yanıldır, ümidsizləşdirir. Azərbaycan hökuməti iş aparır, lakin Avropa Məhkəməsi sanki prosesi qəsdən yubadır.

Atamın 60 yaşı var və səhhətində ciddi problemləri var. Atam da, Şahbaz Quliyev də həm yaşlı, həm də xəstədirlər. Onları həkim nəzarətində saxlayırlar. Qorxuram ki, onların səhhətləri ilə bağlı ciddi problemləri yaransın və hər şey üçün gec olsun".

Qeyd edək ki, 2014-cü ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Ermənistan əsgərləri Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.

2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisinin Şuşa türməsində saxlandığı deyilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26