Azərbaycanlı alim uçan boşqablardan danışdı
Ədalət Ətayi: “Marsda nə vaxtsa həyat ola bilər...”
Bu günlərdə NASA-nın keçmiş əməkdaşı Gilbert Levin bəyan edib ki, Marsda həyat izləri hələ 40 il əvvəl tapılıb. Levin araşdırmanın 1976-cı ildə “Vikinq” proqramı çərçivəsində həyata keçirildiyini bildirib. O qeyd edib ki, proqram Mars torpağının nümunələrində həyat izlərini axtarmağı özündə ehtiva edirdi.
Qeyd edək ki, Marsda həyatın mövcud olması ilə bağlı bundan əvvəl də müxtəlif iddialar yayılmışdı. Təkcə ötən il Türkiyə mətbuatında 20-ci əsrin əvvəllərində Osmanlıda nəşr olunan “İnsan və Həyat” jurnalında Marsda həyat olduğuna dair məlumatlar və faktlar olduğu bildirilmişdi.
Mars bizə ən yaxın olan planetdir. Mars Yer kürəsinə ən yaxın gəldiyi zaman 135 milyon mil, ən uzağa getdiyi zaman 150 milyon mil məsafədə olur.
Bəs azərbaycanlı alimlər Marsda həyatın mövcud olması fikri ilə razıdırmı?
AMEA ŞAR Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri Ədalət Ətayi mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Marsda nə vaxtsa həyat ola bilər, amma hazırda o planetdə canlı yoxdur. Buna baxmayaraq, maye şəklində su var. Canlı həyat üçün iki əsas vacib olan münbit şərait və ultrabənövşəyi şüaları udan azon qatı yoxdur. Marsın atmosferi Yerinkindən 160 dəfə zəifdir. Ola bilsin ki, vulkanik püskürmələr nəticəsində planetdə donma prosesi əmələ gəlib, hər şey itib. Yəni bu ehtimallar var. Amma ehtimal olunan canlı həyatdan heç bir iz qalmayıb. İndi də bildirirlər ki, Marsda üzvü maddə kimi metan qazı var. Amma onun da çox zəif izləri var. Müasir cihazlarla bu izləri aşkarlamaq olur. Ümumiyyətlə, Marsda həyatın olub-olmaması barədə dəqiq fikir yürütmək çətindir”.
Müsahibimiz deyib ki, Şamaxı Rəsədxanası 60 ildir ki, planetlərlə bağlı tədqiqatlar aparır: “Bunun nəticəsidir ki, laboratoriyamızın müdiri Nadir İbrahimovun adı Mars planetinin xəritəsində ”İbrahimov krateri" kimi əbədiləşdirilib. Digər tərəfdən, bizim hazırda tədqiqatlarımız əsasən nəhəng planetlərin öyrənilməsi üzrə olur. Onu da qeyd edim ki, Nadir İbrahimov Veneranın atmosferində işıltılar kəşf etmişdi. Məlum olmuşdu ki, həmin planetdə ildırımlar olur. Əvvəlcə Nadir müəllimin kəşfini qəbul etmək istəməmişdilər. Lakin 5 il sonra kosmik raketlər bunu təsdiq etdi. Həmçinin məlum oldu ki, bu ildırımlar adi su buludlarının boşalması deyil, vulkan püskürməsi zamanı elektrik sahəsinin genişlənməsi nəticəsində yaranır. Yəni bu cür kəşflərimiz var".
“Niyə biz də Marsa çıxış edə bilmirik” sualına müsahibimiz “axı Azərbaycanın elə bir maddi imkanı yoxdur ki, ora kosmik raket göndərsin. Kosmik raketin göndərilməsi üçün külli miqdarda pul lazımdır. NASA isə elə bir böyük qurumdur ki, onun büdcəsi təxminən Azərbaycanın büdcəsi qədərdir. O, çox böyük bir qurumdur, təxminən 8 min işçisi, alimləri var. Beləliklə, NASA ilə Azərbaycanı müqayisə etmək olmaz” deyib.
“Tez-tez ”uçan boşqablar", UNO-larla bağlı informasiyalar yayılır. UNO-ların mövcud olması nə dərəcədə həqiqətdir" sualına o, belə cavab verib: “Dəfələrlə bu haqda demişəm, ”uçan boşqab" deyilən bir şey yoxdur. Sadəcə, insanların uydurmaları, müxtəlif cisimlərin yolunu azaraq səmada görünmələri var. Bu məsələdə anlaşılmaz heç nə yoxdur. Həmçinin olur ki, hansısa dövlətin yolundan çıxmış aparatları olur. Beləliklə, səmada görünənlər Yerdən kənar sivilizasiyanın “əməli” deyil. Bunu yaddan çıxartmayın. Bununla da “uçan boşqab” haqqında olan fərziyyələrin hamısı, sadəcə, mifdir"./musavat.com
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26