Interposta.Info

Nigar Həzi: "Bundan sonra ailə olacağıq”

Ölkə
 29-08-2019, 12:28     10 403

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan həbsdəki jurnalist Seymur Həzi 5 ildən sonra bu gün azadlığa çıxıb.

"İnterPosta.info"nun məlumatına görə, Seymur Həzinin həyat yoldaşı, müsavatçı fəal Nigar Həzi Modern.az-a açıqlamasında çox sevincli olduqlarını deyib:

"O dərəcədə sevincliyik ki, bu sevincimizi sözlə ifadə edə bilmirəm. Hazırda yaxın qohumlar, dostlar Seymurun başına toplaşıb. Sevincli anları paylaşırıq. Təbrikə gələnlər də çoxdur”.

Nigar Həzi gələcək barədə mütləq düşünəcəklərini də bildirib:

"İndi başımız qarışıqdır. Dediyim kimi, gələn-gedən də çoxdur. Hələ özümüz barədə söhbət etməmişik. Güman ki, bir müddətdən sonra gələcək planlarımız, işlərimiz barədə danışacağıq. Özümüzə gələk, mütləq gələcək planlarımıza qərar verəcəyik. Bundan sonra ailə olacağıq”.

Seymur Həzi 2014-cü il avqustun 29-da Ceyranbatındakı avtobus dayanacağının yaxınlığında tanımadığı adama qarşı zor tətbiq etməkdə suçlanaraq, saxlanılıb. Abşeron rayon Məhkəməsinin qərarıyla 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub.

Seymur Həzi və Nigar Həzi 2016-cı ilin avqustun 2-də 17 saylı cəzaçəkmə müəssisəsində nikah bağlayıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26