Interposta.Info

Cahangir Hacıyevin vəsatətləri təmin edilmədi

Ölkə
 8-07-2019, 16:16     10 282

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam edib.

İnterPosta.info
APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.

Hakim F. Qəniyev təqsirləndirilən C. Hacıyevin vəkillərinin ötən prosesdə qaldırdığı beynəlxalq orbitraj məhkəmələrinin qərarlarının alınması, xarici layihələrlə bağlı sənədlərin əldə olunması ilə bağlı qaldırdıqları vəsatətlərinin təmin edilmədiyi bildirib.

Vəkil Fəxrəddin Mehdiyev Beynəlxalq Bankın Müşahidə Şurasının üzvü Vəli Kərimovun əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.

Prokuror vəsatətə münasibət bildirməsi üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi iyunun 15-də davam etdiriləcək.

Qeyd edək ki, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C. Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Xatırladaq ki, C. Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D. Xəlilov 13 il və İ. Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə D. Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ. Hidayət-zadənin cəzasını 5 ilə endirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26