Interposta.Info

Fuad Abbasov Avropa Məhkəməsinə müraciət edəcək

Ölkə
 2-07-2019, 15:37     10 414

"Həbsimin və deportasiya olunmağımın əsl sifarişçiləri arasında Rusiya ermənilərinin rəhbərləri dayanır”.

İnterPosta.info "Report”a istinadən xəbər verir ki, bunu Rusiyada saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, deportasiya olunması üçün Ximski şəhərinin çıxardığı hökmdən apelyasiya şikayəti verib: "Rusiyadan deportasiya olunmağımla bağlı Ximski Şəhər Məhkəməsinin çıxardığı hökmdən apelyasiya şikayət vermişəm. Əgər şikayətim təmin olunarsa və Rusiyada yaşamaq hüququm bərpa edilərsə, mən heç zaman Rusiyaya qayıtmaq fikrində deyiləm. Əsas odur ki, haqqım bərpa olunsun”.

F.Abbasov Rusiyada saxlanılaraq təzyiqlərə məruz qalması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini də vurğulayıb.

Qeyd edək ki, Rusiyanın bir neçə azərbaycanlı icması paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayətinin Ximski Şəhər Məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb və F.Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Bundan sonra qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib. Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26