Interposta.Info

İlham Əliyev 4 sərəncam, 3 fərman imzaladı

Ölkə
 29-05-2019, 21:44     10 433

Prezident İlham Əliyev Maqsud Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İnterPosta.info
xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Maqsud Davud oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilsin".

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, energetika sektorunda institusional islahatların sürətləndirilməsi, bu sahədəki fəaliyyətin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, sahənin inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi və rəqabət mühitinin formalaşdırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Energetika Nazirliyi qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla:

1.1. energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsini on iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədi ilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərini hazırlayıb dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. bu Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədi ilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərinin həllinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifləri əsasında:

2.1.1. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası qanunlarının layihələrini, habelə “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələrini hazırlayıb on iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. bu Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədi ilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərini həll etsin;

2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1573-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1573-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 657; 2012, № 4, maddə 365, № 6, maddə 555; 2013, № 8, maddə 982; 2014, № 10, maddə 1226, № 11, maddə 1414; 2016, № 2 (II kitab), maddə 250, № 9, maddə 1505; 2017, № 5, maddə 801; 2018, № 4, maddə 721, № 9, maddə 1840) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu” aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatı (şöbələr və sektorlar)

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti

4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti

5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti

6. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi

7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional orqanları və yerli bölmələri.”.

***

Prezidentin imzaladığı fərmanlar aşağıdakı kimidir:

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1577-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2015-ci il 14 sentyabr tarixli 594 nömrəli Fərmanının ləğv edilməsi, 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda və “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26