Interposta.Info

Bakıya ikimərtəbəli elektrik qatarları gətiriləcək

Ölkə
 8-05-2019, 14:34     10 460

Bir müddət öncə "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanov qeyd etmişdi ki, Bakıdan çıxan elektrik qatarları təkcə Sumqayıta deyil, əks istiqamətə - Qaraçuxur qəsəbəsi, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayi, Novxanı və s. ərazilərə qədər gedəcək.

Bakucity.az məsələnin nə yerdə qaldığını öyrənmək məqsədilə ADY-nın mətbuat katibi Sevinc Qədirovadan açıqlama alıb.



Sevinc Qədirova bildirib ki, Bakıətrafı dairəvi dəmir yolunun təşkili istiqamətində işlər davam etdirilir:

"Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2018-ci ilin mart ayında "Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur. Hazırda ümumi uzunluğu 107 kilometr olan yollarda təmir işləri aparılır. Layihə mərhələli şəkildə həyata keçirilir. Genişləndirmə işləri Bakı-sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayi, Saray və Sumqayıt istiqamətində olacaq. Əks istiqamətdə isə gələcəkdə Maştağa dairəvi yolunda yerləşən Bağlar stansiyasına, sonra Dübəndiyə qədər, həmçinin Binə qəsəbəsi - hava limanına qədər genişləndiriləcək. Dairəvi dəmir yolunun Bakı-Sabunçu, Sumqayıt-Sabunçu hissələrində işlər sürətlə davam edir. 2019-cu ilin ortalarında "Koroğlu" metro stansiyasının yaxınlığından keçməklə Bakıxanov, Sabunçu, Zabrat-1, Zabrat-2, Məmmədli, Fatmayı, Novxanı, Sumqayıt stansiyalarını birləşdirən dəmir yolunun istifadəyə verilməsi gözlənilir. Bu yolda "Stadler Rail Group” şirkətinin istehsalı olan ikimərtəbəli qatarlar işləyəcək”.

Mətbuat katibi əlavə edib ki, sözügedən yolun əsaslı təmiri başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin nəqliyyat problemi aradan qalxacaq:

"Dairəvi dəmir yolu boyunca yerləşən kəndlərdə yaşayan əhali elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq”.

S. Qədirova qeyd edib ki, Bakı-Yalama-Bakı, Bakı-Hacıqabul-Şirvan-Bakı, Bakı-Sumqayıt-Bakı elektrik qatarları hazırda hərəkətdədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26